Mən niyə dağa çıxıram?.

Çayımı süzdüm  və balkona çıxıb telefonda sakit tonda musiqi qoydum. Üzbəüz binanın bakonlarını və oradakı hərəkətləri müşahidə etməyə başladım. İnsanlar gündəlik həyatlarının davam etdirirlər. İndi isə artıq gecə 12 olur. Yavaş-yavaş əksəriyyət yatmağa hazırlaşır. Bəziləri isə hələ də eyvandan ətrafı müşahidə edir. Bu günün sonuna gəldiyimiz kimi bu yayın da artıq son günlərini yaşayırıq. Əvvəllər həyatın axarına daha çox qapılıb onun necə sürətli keçdiyinin fərqinə varmazdım. Ancaq 30 yaşdan başlayaraq günləri, ayları daha diqqətlə keçirməyə və keçmiş günlərimi daha çox xatırlamağa başlamışam. Məhz bu yay isə vaxtın necə sürətli keçməsini hiss etməyə başladım. Bilmirəm bu karantin müddətinin gətirdiyi hisslərdir, işimdə olan intensivlik ya nədəndir tam olaraq səbəbini bilmirəm amma bəlkə də bu elə artan yaşın zamana qarşı gətirdiyi bir həssaslıqdır. Digər tərəfdən də fikirləşirəm ki, bu mənim həyatı dolu-dolu yaşamaq istəyimin verdiyi fərqindəlik hissidir. Yəni artıq mənim hər ay, bəzən ay içərisindəki müəyyən həftələr üçün öncədən planlaşdırdığım məqsədlər var. Bunların çoxu təbii ki, gəzmək, yeni yerlər görmək və yeni dağlara, zirvələrə qalxmaqdır. Hələ ki, müəyyən qədər maddiyyat, müəyyən qədər də son karantin səbəbli bu məqsədlər ölkə daxili ilə məhdudlaşır. Amma düşünürəm ki, hələ heç ölkə daxilində istədiyim hər şeyi etməmişəm. Bir halda ki, karantin məhdudiyyət gətirib, onda bundan istifadə edib ölkə daxilindəki məqsədlərimi həyata keçirə bilərəm.

Maliyyə sahəsində ciddi bir təhsilim var. Biznes sahəsində də önəmli fəaliyyətlərim olub və davam etməkdədir. Ancaq söhbət dağdan, təbiətdən gedirsə büdcəyə nəzarəti tamamilə itirə bilirəm. Bəzən əlimdəki son pul ilə səyahətə çıxıram və geri qayıtdıqdan sonra ayın sonunu necə gətirə biləcəyimi də çox fikirləşmirəm. Dostlar sağ olsun, lazım olan anlarda dəstək olurlar. Amma görünən odur ki, mən qazandığım pulu saxlamağı yox xərcləməyi sevirəm, xüsusilə də sevdiyim fəaliyyətlər üçün. Təbii ki, subay olmağın verdiyi cəsarət də var. Yəqin ki evli olsam bu qədər cəsarətlə pulu xərcləmərəm. Amma digər tərəfdən də fikirləşirəm ki, nə qədər ki subayam bu mənim üçün bir şansdır. Bu periodda bir çox istəyimi həyata keçirə bilərəm.

Dağ mənim üçün fərqli bir məkandır. Dağı sevən çox insan var. Dağa çıxan insan da çoxdur. Mənim yanaşma tərzim fərqlidir. Mən həyatımın nə ancaq dağdan ibarət olmasını istəyirəm, nə də ki, dağa sıradan şəkildə və məqsədsiz gedib gəlməyi. Yeri gəlmişkən onu deyim ki, bilgisi az olanlar dağa çıxan hər kəsi alpinist adlandırır. Amma bu belə deyil. Misal üçün mən özümü alpinist adlandırmıram. Ən azından an etibarilə özümü alpinist hesab etməyim üçün gərəkli şərtlər yoxdur. Yəni nə texniki dırmanma barədə ciddi bilik və təcrübəm, nə də texniki qalxdığım dağlar var. Düzdür hədəflərimə davam etdikcə artıq 5000 və daha yüksək zirvələrə getmək üçün texniki dırmanışa ehtiyac olacaq. O zaman bəlkə özümə yarı alpinist deyə bilərəm. Tam alpinist olaraq isə nə zaman olacağını zaman göstərər. Ancaq belə bir adın arxasınca qaçmıram. Mənə dağçı deyilsə yetərlidir. Mənim üçün zirvəyə çatmaq önəmlidir, bunun üçün ən asan yol da yetərlidir mənim üçün. Mən zirvəni görmək və zirvəyə getdiyim yolda təbiətdən zövq almaq istəyirəm. Eyni zamanda gücümü, potensialımı test etmək, dözümlülüyümü artırmaq və iradəmin sərhədlərimi yoxlamaq istəyirəm. Təbii ki, qalxdığım hər zirvə, getdiyim hər çətin marşrut mənim daha sonra qürurla danışacağım hekayələrimdir. Dağçılar əsasən özünü bəyənmiş olurlar. Bəzən bu xasiyyətinə görə bəyənmədiyim və qıcıq olduğum dağçılar da olur. Amma dağçının da bir dənə qürur duyacağı şey onun qalxdığı zirvələri, getdiyi çətin və fərqli marşrutlarıdır. Kimsə buna görə özünü digərlərindən fərqləndirirsə əslində onu anlayışla qarşılamalıyıq. Amma onu da düşünürəm ki, mənəvi, psixoloji cəhətdən yetişmiş dağçı özünü bir yarış içində olmaq hissindən xilas edir və artıq daha möhkəm və sağlam dəyərlər üçün çalışır. Çünki insanlara ilişib qalan birisi çox irəli gedə bilməz. Gərək hədəf və missiya dəyərlər üzərinə qurulsun. Dəyərlər sizi ən çətin vəziyyətlərdə, ən çıxılmaz hiss və duyğu anlarında ayaqda saxlayacaq. İnsanlar isə gəlib, keçicidir.

Professional istiqamətli dağçılığa yönəlməyim bir anda baş vermiş ola bilər. Hətta bəzi dostlarım vaxtilə necə oldu birdən-birə dağlara getməyə başladın deyə sual da vermişdilər. Təbii ki, dağa getməyə birdən birə başlamamışam. Ancaq bir neçə il öncə daha intensiv və daha professional şəkildə qalxmağa başladım. Ancaq keçmişə qayıtdığımda görürəm ki, məsələn Novruz bayramlarında tonqal yandırmaq üçün çırpını toplamaq üçün müxtəlif illərdə bir neçə dəfə dağa getmişik. Hətta özüm təkbaşıma dağa gedib orada oturub sakitcə fikirləşib düşündüyüm anlar olub. Sonradan həmin yerə gəzməyə daha iki dostumu da aparmışam. Həmin illərdən sonra son bir neçə il əvvələ qədərki mərhələdə ciddi fəaliyyətlərim olmayıb. Düşünürəm ki, bu uyğun şansı və mühiti tapmamaq səbəbindən irəli gəlib. Bəzən düşünürəm ki, daha əvvəllər uyğun mühitə düşsəydim indiyə qədər daha çox iş görmüş olardım. Amma həyatdır bu, bəlkə elə belə də lazım imiş. Ən azından mənim bir dəfə gəldiyimiz bu həyatda məşğul olduğum, zövq aldığım bir fəaliyyətim var. Həyatı rəngsiz və maraqsız keçən onlarla insan var. Mən onlardan deyiləm və mənim həyatımı daha dəyərli edən, məni yaşamağa daha çox sövq edən şeylər var.

Dağ həm də ciddi bir fiziki yorğunluq məkanıdır. İnsan çox yorulduğu anlarda acizliyinin fərqinə varır. Aciz və yorğun insan daha emosional olur. Bu dərin hisslər insanı sevdiyi insana, sevdiyi iş və məşğuliyyətlərə daha diqqətlə yanaşmağa sövq edir. Çünki hər işi yolunda gedən, daima şən əhval ruhiyyədə həyatını davam etdirən insanlar yanında olan dəyərlərə çox diqqət edə bilmirlər. Çünki həyat onları yetərincə məşğul edir. Ancaq dağda həm insan yorulur həm də çətin psixoloji anlar yaşayır. Həm də dağda insanın düşünməyə daha çox vaxtı olur. Professional bir dağçı məncə bir yerdən sonra artıq dağa sadəcə özü üçün deyil, həm də sevdiyi insanlar üçün qalxır. Yəni o, onu gözləyən insanlar üçün diqqətini, ehtiyyatını daha da artırır. Geri dönmək, sağ qalmaq üçün daha böyük səy göstərir. Ona görə mən həyatını daha az riskə atan, atdığı hər addımı daha professional etməyə çalışan dağçılara daha çox rəğbət bəsləyirəm. Cəsarət və ağılı birləşdirmək həqiqi bir dağçının ən əsas qaydası olmalıdır.

Mənim üçün bir dağ səyahəti sadəcə dağdan ibarət deyildir. Mən həmin dağa qalxanadək getdiyim yolda rastlaşdığım insanları, mədəniyyətləri görməyi, öyrənməyi sevirəm. İnsanlarla danışır onların həyat hekayələrini dinləyirəm. Bəziləri iztirablarla doludur və hiss edirsən ki, səninlə paylaşmaq, dərdləşmək istəyirlər. Məsələn Qubada Afurca yaylaqlarına etdiyim trekinq zamanı qayıdarkən bir kəndin içərisindən keçirdik və orta yaşlı bir kişi israrla bizi evə çay içməyə dəvət etdi. Masa arxasında əyləşib uzun gəzintinin yorğunluğunu çay içərək atmağa çalışdıq. Ailə bizi mehribanlıqla qarşıladı. Bizi çay içməyə dəvət edən orta yaşlı kişi, dediyi qədər keçmişdə orduda xidmət etmişdi və bu ərəfədə aldığı fiziki və məni travmanın hələ də üzərində qaldığını görmək olurdu. Vaxtilə içərisində qaldığı siyasi hərc mərcliyin doğurduğu nəticələri hələ də həyatında hiss edirdi və göründüyü qədər keçmişdən canını nə bürokratik olaraq nə də mənəvi olaraq tam qurtara bilmişdi. Çətindir. Heç kim çətinliklərlə dolu bir həyat, bir keçmiş istəməz. Yaşlı anası da bizimlə masa arxasında əyləşmişdi. O da gileylənən tərzdə oğlunun yaşadıqlarına işarə elədi. Mənim üçün həmin anlar içdən ağır duyğulu anlar oldu və tez oradan çıxmaq, uzaqlaşmaq istədim. Çünki həmin insanların yaşadıqları mənəvi çətinliyi eşitməyin məni boğduğunu hiss elədim. Bəli, sadəcə dinləmək belə mənə çətin anlar yaşatdı, ancaq bu insanlar həmin dramı yaşamışdılar və yaşamağa davam edirdilər.

Həyat təbii ki, ancaq gördüyümüz xoş mənzərələrdən ibarət deyil. Ölkədə necə dramlar, necə çətin həyatlar var. Heç mənim həyatım da gül-gülüstanlıq deyil. Mənim də müxtəlif zamanlarda yaşadığım çətinliklər olub və olur. Həmin anlarda çətin psixoloji mərhələrlərdən keçdiyim olub. Özümlə təkbaşıma qaldığım da olub, dostlarımın sayəsində daha yüngül şəkildə öhdəsindən gəldiyim də. Ancaq mən ətrafımla adətən xoş xatirələri, xoş xəbərləri paylaşıram. İstəmirəm ətrafıma neqativ enerji ötürüm. Sağ olsun bir neçə dostum var, hansı ki, çətin anlarda onlarla dərdləşirəm. Hisslərimi onlarla paylaşıram və məni dostlarım təsəlli edir, ruhlandırır. Amma yenə də özümü ayaqda saxlayan bir nömrəli şəxs yenə mən özüməm. Uzun illər ailədən ayrı tək yaşamağın mənə öyrətdiyi bu olub. Gərək yıxılanda özün ayağa qalxa biləsən. Bax elə bu hisslərdir ki, məni psixoloji olaraq daha da möhkəmləndirib və dağda səyahət zamanı mənə daha böyük irədə verir. Dağa qalxmaq iki önəmli faktoru tələb edir. Fiziki güc və iradə. Hər ikisi önəmlidir və hər ikisi yüksək olduğunda dağlar insanın qarşısında ciddi maneə olmaqdan çıxır. Bir də dağın ruhuna hörmət edib, onun çətinliyini professional şəkildə dəf etməyə çalışırsansa bax onda uğur həmişə səninlə olur. Mən dağa hörmət edirəm, dağa yüksəkliyindən asılı olmayaraq getdiyim zaman professional yanaşmağa çalışıram. Bu zaman dağ da mənə qarşılığını verir.

Düşünürəm ki, dağ və sivilizasiya, soyuq və isti, acı və şəkər, asan və çətin kimi məfhumlarla eynilik təşkil edən iki nəsnədir. Biri o birini tələb edən və birinin varlığı və ya yoxluğu o birini gərəkdirən şeylərdir. Heç bir dağçı məncə ancaq dağlarda olmaq istəmir. Eyni zamanda heç bir dağçı da uzun müddət dağdan ayrı qalmaq da istəmir. Dağa getmək bir insanı sivilizasiyaya daha çox bağlayır. Dağ insana bir çox xatirələr qazandırır hansı ki, həmin xatirələr insanın sivilizasiyadakı həyatını daha da maraqlı edir. İnsanın danışmağa bir çox hekayəsi, türk dağçı Nasuh Mahrukinin dediyi kimi nəvələrinə danışmağa xatirələri olur. Həm də qalxdığı hər zirvə insan üçün bir qürur qaynağı, bir idmançı kimi əldə etdiyi nailiyyətidir.

Mən niyə dağa çıxıram deyə soruşanlar, maraqlananlar məncə indi ən azından səbəbini bilirlər. Bəzilərinə inanıram ki, bu yenə də maraqsız gələ bilər. Mənim istəklərim, məqsədlərim onların maraq dairəsində olmaya bilər. Amma pisi ilə yaxşısı ilə bu mənim yolumdur. Mən bu yolda gedirəm və özümə arzuladığım odur ki, bu yolda daha çox doğru addımlar atım. Atdığım doğru addımlar məni həyatda həmişə qorusun və sevdiklərimin xatirinə mən özümü mühafizə edə bilim. Həyat gözəldir. Əgər xatirələri danışmaq və bölüşmək istədiyimiz insanlar olmasa idi, bəlkə də xatirələrin də mənası olmazdı.

20 iyul, 2020-ci il.

LEAVE A COMMENT