IMG_20210713_160017

Xalaxel gölünə (3060 m) solo trekinq

Xalaxel gölü (3060 m) – Solo trekking

Pandemiya vaxtı etdiyim ilk 3000m+ solo Babadağ trekking-i sonrasında 1 ildir ki planlaşdırdığım növbəti trekkinqə yol aldım. Bu dəfəki istiqamətim Zaqatala rayonunda Rusiya ilə sərhədin yaxınlığında yerləşən Xalaxel gölünədir. Ləvazimatlarımı toplayıb hazır etdikdən sonra Zaqatalaya yola düşdüm. Tezdən çıxdığım gün sonrasında təxminən günortaya yaxın vaxta gəlib Yuxarı Çardaxlar kəndinə çatdım. Xəritə üzrə daha öncədən etdiyim analizlərə baxmayaraq vaxt itkisi olmaması üçün yerli insanlarla marşrut barədə dəqiqləşdirmə apardım. Gölə qədər olmasa da ən azından yaxınlıqdakı Əlibəyli dağına gedən yolu göstərə bildilər və beləcə ağır yüklə birlikdə yola düşdüm. Kənddən meteroloji stansiyanın olduğu dağa qədər 1000-1100 metr arası bir yüksəklik fərqi var. Ağır yüklə bu məsafəni getmək o qədər asan deyil. Onu da nəzərə alaq ki, qalxdığın hər addımda belindəki yük daha da ağırlaşır. Yerli insanlardan aldığım məlumat və telefonun gps məlumatına əsasən doğru cığırla davam edib irəlilədim. Yol uzun idi amma hədəfim günün işıqlı vaxtında gedib ilk kamp yerinə, yəni Əlibəyli stansiyasının olduğu yerə çatmaq idi. Fiziki güc və psixoloji faktoru bir arada istifadə edib qısa fasilələrlə birlikdə davamlı olaraq hərəkət etdim və təxminən 6 saatlıq bir yürüş sonrasında stansiyaya gəlib çatdım. Gözləntim burada bir stansiya və orada işləyən bir nəfərin olması idi. Ancaq deyəsən Allah bu dəfə də əziyyətimin qarşılığında mənim üçün mükafat hazırlamışdı. Stansiyada olan evə yaxınlaşdım və içəridə bir nəfərin namaz qıldığını gördüm. Gözlədim ki, namazını bitirsin. Bu arada balkon hissədə stola baxanda çay, yemək və s. olduğunu gördüm. Artıq sevinməyim üçün yetərincə əsas var idi. Düzdür özümlə yemək və su götürmüşdüm. Amma burada olan hazır şərait, bol su və yeməyi əvəz edə bilməzdi. Bir az sonra orta yaşdan yuxarı bir dayı çölə çıxdı. Qısa tanışlıqdan sonra məni yeməyə dəvət etdi. Zaqatalada, dağlarda gördüyüm yüksək qonaqpərvərlik burada başlamış oldu. Əhməd dayı zarafatcıl və qeyri-adi keçmişə sahib bir insan idi. Yoldaşı ilə artıq bir müddət idi ki, bu yaylaqda idi. Fərziyyə xala ərazidə məhsul əkini ilə məşğul olduğu üçün hələ gəlməmişdi. Əhməd dayı isə yemək bacarığı sayəsində dadlı bir yemək bişirirdi. Öncəsində isə məni əvvəl çaya, daha sonra sərin bir qarpıza qonaq etdi. Yorucu keçən uzun bir yürüş sonrasında dağın başında çay, qarpız və s. tapmaq cənnətə düşmüş kimi bir şeydir. Bol çay içdim, qarpız yedim. Yavaş-yavaş yorğunluğumu atmağa başladım. Əhməd dayı öz keçmişi, başına gələnlər barədə danışdı, uzun-uzun söhbət etdik. Qabağımda Zaqatala rayonunun, Çardaxlar və Muxax kəndlərinin uzaqda görünən gözəl mənzərəsi açılırdı. Bir müddət keçəndən sonra Fərziyyə xala da gəlib çıxdı. Onunla da bir az söhbətləşib tanış olduq. Adətən Zaqatalada işlədiyini deyən Fərziyyə xala yay ərzində müvəqqəti olaraq yaylağa gəlir, həm burada istirahət edir, həm də təsərrüfat işləri ilə məşğul olur. Yeni tanıdığım bu cütlükdən müsbət enerji aldım. Həyatda yaşadıqları çətinliklərə baxmayaraq möhkəm və pozitiv qalmağı bacarmışdılar. Mənə göstərdikləri qonaqpərvərliyə isə ümumiyyətlə söz ola bilməzdi. Baxmayaraq ki, solo yürüşə çıxmışdım ancaq tək qalmaqla o qədər də aram yoxdur. Burada belə xoşsöhbət insanlarla birlikdə olmaq nəyə desən dəyərdi. Axşam qaralana yaxın stansiya işçisi Rəşad da gəlib çıxdı. Onunla da həmsöhbət olduq və yetərincə mehriban bir insan təsiri bağışladı. Rəşadın həyatı mənə çox çətin gəlir. Ailədən uzaqda vaxtının çox hissəsini burada dağ başında keçirməsi asan deyil. Amma özü demişkən məcburiyyət hissi və ailə məsuliyyəti insanı burada qalmağa sövq edir. Hava tam qaralmamış stansiyanın həyətində çadırımı qurdum və ləvazimatları yerləşdirdim. Bir az sonra Əhməd dayı və Rəşad heyvanları yerlərinə salıb bağladılar. Hava artıq qaralmışdı. Stansiyada elektrik yox idi. Sovet vaxtından qalan külək pəri isə artıq işləmirdi. Ona görə keçmiş günlərdən xatırladığım lampa istifadə edirdilər. Rəşad dizellə işləyən lampanı yandırdı. Artıq bir ailə kimi süfrə arxasında lampa işığında oturmuşduq və söhbət edirdik. Beləcə maraqlı keçən söhbət sonrasında mən qurduğum çadırıma getdim və yatdım.

Plan üzrə səhər tezdən 4-də qalxdım. Sobamda çay qaynadıb yemək yedim və yürüş üçün hazırlığa başladım. Əhməd dayı ilə sağollaşıb Xalaxel gölünə tərəf uzun bir yürüşə başladım. Dağların sırtı ilə irəlilədikcə ətrafda çox möhtəşəm mənzərələr açılırdı. Telefonun GPS-indən də istifdə etməklə istiqaməti dəqiqləşdirərək yoluma davam edirdim. Məndə olan məlumata görə gölə qədər 3 çoban binəsi ilə qarşılaşmalı idim. Bir neçə saatlıq yürüş sonrasında artıq birinci binəyə çatdım. Uzaqdan məni hiss edən itlər hürməyə başladılar. Çobanı səslədim və onun itlərə göstəriş verməsindən sonra binəyə yaxınlaşa bildim. Bu çoban binəsində də məni yetərincə xoş qarşıladılar. Çaya qonaq etdilər. Hətta yemək də təklif etdilər amma yolumun uzun olmasını bildirib imtina etdim. Maraqlı bir söhbətdən sonra binədən ayrılıb yoluma davam etdim. Yolda qoyunları otaran bir çobanla rastlaşdım. Onunla qısa söhbətdən sonra yola davam etdim. Daha bir neçə saatlıq yürüş sonrasında 2-ci binəyə gəlib çatdım. Burada məni əvvəlki binədəki çobanların adını dediyi Səfər adlı yeniyetmə bir oğlan qarşıladı. İtləri uzaqlaşdırdıqdan sonra məni binəyə dəvət edən Səfərlə ayaqüstü həmsöhbət olum. Çox mehriban bir oğlan idi və onun belə bir yerdə, çətin şəraitdə binədə çoban kimi işləməsi mənə çox qəribə gəldi. Səfərlə də söhbətimizi bitirib onun göstərdiyi cığırla yoluma davam etdim. Yol uzandıqca uzanır, gps-də isə hələ xeyli yolumun qaldığı görünürdü. Solo yürüşün çətinliyi qədər həm də maraqlı tərəfləri var. Özünlə baş-başa olursan, fiziki və pxixoloji sərhədləri yoxlayırsan və inkişaf etdirirsən. Belə daha bir neçə saatlıq yürüş sonrasında təpədə qoyunları otaran bir çobanla tanış oldum. Məni görüb xeyli təəccübləndi və xeyli sorğu-sual etdi. Ona sadəcə olaraq səyahətçi (dağçı) olduğumu izah etdim. Tək bu yola çıxmağım ona qəribə gəlirdi. Çoban mənim getməli olduğum axırıncı binədən idi. Bir müddət söhbət sonrasında mənə binəyə gedən yolu izah etdi. Beləcə ondan ayrılıb yoluma davam etdim. Saat təxminən 11-yə yaxın gedib nəhayət ki axırıncı binəyə çatdım. Bu fasilələrlə birlikdə təxminən 6 saatlıq bir yürüş demək idi. Axırıncı binədə də məni görüb yaxınlaşdılar və itləri kənarlaşdırıb məni binəyə dəvət etdilər. Burada da Mükərrəm dayı və digər çobanla tanış oldum. Sağ olsunlar gün ərzində gördüyüm qonaqpərvərliyi burada da yetərincə yüksək səviyyədə gördüm. Məni çaya, sonra isə dadlı bir yeməyə qonaq etdilər. Gölə getməyin çətin olduğunu bildirdilər. Mən isə məhz gölə getmək üçün yola çıxdığımı bildirdim. Mənə düzgün çığırı göstərdilər. Bir müddət sonra Mükərrəm dayının oğlu başqa bir cavan çobanla gəlib çıxdılar. Onlarla salamlaşdıqdan sonra yola başladım. Cığırla hərəkət edərək dik bir yamacı qalxmağa başladım. Paralel olaraq da yolu gps-lə izləyirdim ki düzgün yolda olmağımı yoxlaya bilim. Şəbəkənin yol boyu tutması mənə çox kömək etdi. Təxminən 2 saatlıq qalxış sonrasında artıq gölü əhatələyən qayalıqlara gəlib çatmışdım. Daha 1 saatlıq yürüş sonrasında qayalıqları aşdım və budur aşağıda, 3060 metr dəniz səviyyəsindən yüksəkdə yerləşən o məşhur Xalaxel gölü göründü. Yorğun idim ancaq hədəfimə çatmağın sevinci içərisində idim. 20 dəqiqəlik eniş sonrasında gölün kənarına gəlib çatdım. Suyum qurtarmışdı və tez göldən su alıb içdim. Çox dadlı idi və həmin an keçirdiyim hissləri ifadə etmək asan deyil. Yorucu keçən, ümumilikdə 10 saatdan çox davam edən yürüş sonrasında mən gəlib Xalaxel gölünə çatmışdım və məhz göldən su alıb içirdim. Bel çantamda gətirdiyim sobamı, çaydanı çıxarıb göldən götürdüyüm su ilə çayı qaynamağa qoydum. Bu ərəfdə yandakı təpələrdən, Samolet dağı tərəfdən itlərin səsi gəlirdi. Mənim burada olduğumu hiss edən iki çoban bir müddət sonra gölün yanına endilər. Onlarla tanış olub söhbət etdim. Qaynatdığım çaya onları da qonaq etdim. Birlikdə şəkil çəkdirdik. Bir müddət sonra isə artıq mənim üçün yola düşmək vaxtı gəlib çatmışdı. Dağda hərəkət edərkən ən önəmli məsələ qrafiklə hərəkət etmək və gedəcəyin nöqtəyə vaxtında və sağ-salamat çatmaqdır. Mən də bunu nəzərə alaraq gölün ətrafındakı Samolet dağına çıxmaq üçün yetərli vaxtın olmadığını görüb onu başqa səfərə saldım və geriyə yürüşə başladım. Gələndə qayalıqları adlayıb gölə düşmüşdüm, bu dəfə çobanları göstərdiyi başqa bir yolla hərəkət etdim. Bir az hesablama səhvim oldu. Aşağı çox düşdüm və gedəcəyim dağdan uzaqlaşdım. Daha sonra gps-ə baxaraq həmin istiqamətə yaxınlaşmağa çalışdım. Bu əsnada qatı duman çökdü. Bir az gözlədim amma çəkilmədi. Bir az tələskənliklə qərar verdim ki, ən azından olduğum istiqamətdə başqa bir yatağa düşüb oradan getməli olduğum əvvəlki son binəyə keçərəm. Belə də etdim. Bir müddətlik eniş sonrasında gəlib aşağıda bir yatağa çatdım. Bu binə mənim getməli olduğum binəyə paralel dağın digər tərəfində idi. Orada çobanlarla söhbət etdim. Burada şəbəkə və at olmadığını bildirdilər. Yeganə bir yol olduğunu dedilər. Bu da soldakı dağı aşmaq idi. Gedəcəyim binə məhz həmin dağın arxasında idi və bu yataqdan ora heyvan cığırı var idi. Beləcə yorğun olmağıma baxmayaraq gücümü toplayıb yola düşdüm. Cığırla yuxarı qalxıb nəhayət ki, planlaşdırdığım saatda gedib həmin binəyə çatdım. Artıq geriyə çadırıma qayıtmaq üçün vaxt yox idi və hava qaralırdı. Çobanlar məni binədə qonaq etdilər və gecəni burada keçirməyə qərar verdim. Öncə yemək yedim. Çay içib istirahət etdikdən sonra yağış yağmağa başladı. Uzaqdan çaxan ildırımdan hiss olunurdu ki, şəhər və kəndlər tərəfdə də yağış yağırdı. Binədə təxminən 6-7 nəfər idik. Mənə qalın kurtka və yatmaq üçün yuxu tulumu verdilər. Beləcə bu gecəni də daşdan tikilmiş, kazarmaya oxşayan bu yerdə keçirdim. Təxminən 2500 m-dən yüksəkdə olan bu binədə çobanlarla birlikdə, yağış səsi altında yatmaq unuda bilməyəcəyim xatirələrdən oldu. Bütün günün verdiyi yorğunluqla bərk yatdım və yuxumu tam aldım. Səhər tezdən qalxdım. Bəzi çobanlar artıq qalxmışdı və mal-qaranı təpəyə doğru yönləndirirdilər. Ocaqdakı isti çayla, şor və çörəklə yaxşı bir səhər yeməyi yedim. Bol-bol şirin çay içdim. Çobanlara təşəkkürümü bildirib onları Şəkiyə dəvət elədim. Hazırlaşıb yola başladım və geriyə Əlibəyli dağındakı çadırıma yola aldım. Gəldiyim binələri keçərək eyni yolla qayıtmağa başladım. Əvvəl Səfərlə yenidən görüşdüm daha sonra ikinci binəyə gəlib çatdım. Burada məni israrla yeməyə qonaq etdilər. Bu dəfə çobanlarla birlikdə Qurban dayı da var idi. Qurban dayı ilə ilk dəfə burada tanış oldum. Mənim gölə tək getməyimi bir az əsəbi reaksiya ilə qarşıladı. Ona dağçı olduğumu və bəzən solo yürüşlər etdiyimi izah elədim. Qurban dayı həm də şəhid atasıdır. Onun oğlu Əhməd 2-ci Qarabağ müharibəsində şəhid olub. Bunu eşidəndə üzüldüm amma Qurban dayının oğlundan fəxrlə danışması bir o qədər məni sevindirdi. Məhz şəhidlərimizin, döyüşən igidlərimizin sayəsində torpaqlarımız işğaldan azad olundu. Qurban dayı israrla mənim yükümə kömək edəcəyini bildirdi. Beləcə o atı ilə birlikdə mənimlə Əlibəyli stansiyasına qədər gəldi. Burada məni görən Əhməd dayı, Fərziyyə xala çox sevindilər. Qurban dayı da onlarla tanış oldu və söhbət etdilər. Mən də bu arada dağ çantamı yığmağa başladım. Qurban dayı mənim çantamı öz atına yükləyib aşağı qonşu kəndə oradan isə Çardaxlara gətirmək üzrə apardı. Mən daha 1 saat stansiyada qaldım. Əhməd dayının bişirdiyi dadlı bir tava yeməyini iştahla yedim. Sonrasında bol-bol çay içib yüksək enerji ilə geri qayıtmaq üçün hazırlaşdım. Əhməd dayı, Fərziyyə xala və Rəşadla sağollaşıb onları da Şəkiyə dəvət etdiyimi bildirərək aşağıya enməyə başladım. Bir neçə saatlıq eniş sonrasında gəlib Çardaxlar kəndinə çatdım. Yürüşə başlamazdan əvvəl əlavə bir çantamı Məhəmməd adlı bir dayıya vermişdim ki, qayıdanda götürüm. O da sağ olsun həm çantamı saxlamışdı, həm də qayıdanda məni evində çaya qonaq elədi. Məhəmməd dayı mədəniyyət evində qarmon ifaçısıdır. Kənddə də onu belə tanıyırlar. Çox mehriban və qonaqpərvər bir insandır. Ümumiyyətlə kənddən yaylaqlara qədər mən Zaqatalada çox yüksək qonaqpərvərlik, mehribançılıq gördüm. Buradan onların hamısına bir daha təşəkkürümü bildirirəm. Xalaxel gölünə solo macəramı məhz bu gözəl insanlar daha da maraqlı etdilər. Bir müddət sonra Qurban dayı mənim çantamı da gətirdi və mən məmləkətim Şəkiyə doğru yola düşdüm. Beləcə fiziki və psixoloji cəhətdən çətin, yorucu amma bir o qədər də zövqlü və unudulmaz Xalaxel macəramın sonuna gəldim.

LEAVE A COMMENT