İlk solo dağ səyahətim

Saat 02:00 (31 iyul, 2020-ci il)

Mən hələ də evin içində o yana, bu yana gedib gəlirəm. Çalışıram ki, lazım olan hər əşyanı götürüm və yadımdan çıxan bir şey olmasın. Elə ləvazimat var ki, kiçik bir həcmi var, məsələn baş fanarı kimi. Amma dağda, təbiətdə həyati önəmə sahib ləvazimatlardandır. Buna görə hər bir xırda detala diqqət etməyə çalışıram. Öncəki təcrübələrim məni daha diqqətli olmağa sövq edir. Hər şey bir kənara, axı bu dəfə mən təkəm. Bu dəfə çoxdandır getmək istədiyim, amma marşrutunu heç getmədiyim bir dağa gedəcəm. Həm də yanımda heç kim olmayacaq. Yadımdan çıxan həyati əhəmiyyətli bir əşyanın kompensasiyası və onun doğura biləcəyi nəticələri ortadan qaldırmaq mümkün olmaya bilər.

Özümü mühafizəkar bir insan hesab edirəm. Yəni həyatda atdığım addımları bir neçə dəfə götür-qoy edirəm. Bunu etməyimə səbəb mənə verilən tərbiyə (yəni böyüdülərkən öyrədilən qaydalar və s.) və özümün ailədən kəndarda mənimsədiyim dəyərlərdir. Hər şey bir kənara mən sadəcə özüm üçün yaşamadığımın fərqindəyəm. Belə həm də maraqsız olardı. İnsanın darıxdığı, sevdiyi və onlar tərəfindən də eyni hisslərlə qarşılandığı insanlar olmalıdır həyatda. Həyat müştərək olduğu zaman, acı və şirin hissləri bölüşüldüyü zaman gözəldir. Bəlkə də bu səbəbdən cəmiyyətimizdə xeyir və şər məclisləri haradasa eyni əhəmiyyətə sahibdir. Biz toya verdiyimiz önəm qədər həm də şər məclisinin keçirilməsinə önəm veririk. Dediyim kimi özümü daha mühafizəkar şəxs hesab edirəm. Baxmayaraq ki, azadlığına aşiq bir insanam, ancaq özümə müəyyən sərhədlər də qoymuşam, ancaq əsas odur ki, istədiyim zaman bu sərhədləri dəyişmək mənim öz əlimdədir.

Yürüş zamanı istifadə edəcəyim ləvazimatlarım

Ləvazimatları yığa-yığa fikirləşir və addımlarımı qrafik üzrə götür qoy edirəm. Əslində içimdə çox gözəl bir pəncərənin olmasının verdiyi sevinc var. (Pəncərə dağçılar arasında günəşli və sakit havanın olduğu bir neçə günlük perioda deyilir). Mənim tam da bayram günləri ərzində, öncədən planlaşdırdığım bir dağ səyahəti üçün gözəl bir pəncərənin olması sevincimi və həyəcanımı daha da artırırdı. İlk dəfə edəcəyim solo dağ dırmanışında havanın pis keçməsini düzü istəmərəm. Həm də cəsarətim qırılmaz. Məncə bu önəmlidir. Ümumiyyətlə dağ elə bir yerdir ki, gərək atdığın addımlara həm də ona görə xüsusi fikir verəsən ki, səni ruhdan salmasın və potensialından artıq girişdiyin işlər səni çıxdığın doğru yoldan döndərməsin. Mən bilirəm ki, məndən fiziki olaraq daha güclü, iradə olaraq daha möhkəm dağçılar var. Həm də mən hələ bu işdə yetərincə cavanam. Amma təcrübəli dağçıların atdığı yanlış bir addım onlar üçün istənilməz nəticələrə gətirib çıxara bilər. Eləcə də cavan olduğum halda tədbirli davranmağım mənim üçün riskləri minimuma endirə bilər. Bütün bunları düşünə-düşünə bel çantamın içərisinə ləvazimatları yığmağa başladım. O qədər əşya var ki, bilmirəm bunları necə sığışdıracam. Yuxu tulumu, çadır, mat, soba, müxtəlif hava şəraiti üçün paltarlar, əlcək, yemək, su və s. saydıqca qurtarmır. Hələ gördüyüm mənzərələri ölümsüzləşdirmək üçün kameramı da özümlə götürmüşəm. Nəhayət ki, bir təhər bel çantamı yığıb qapıya yaxın bir yerə qoydum. Amma bəzi əşyalar sığmadı və onları da balaca bir bel çantasına qoydum. Ümid edirəm ki, ana kampa çatanda bəzi paltarları geyinib yükləri azaldacam və sadəcə bir yürüş çantası ilə davam edəcəm.

Səyahətlərdən öncə adətən çox zaman yata bilmirəm, başımda elə bil motor işə düşür. Davamlı fikirləşməkdən, səyahəti beynimdə canlandırmaqdan gözümə yuxu getmir. Bu dəfə də deyəsən belə olacaq. Səhər tezdən çıxmağı planlaşdıram. Çünki İsmayıllıya, Lahıc kəndinə çatıb oradan da tez bir şəkildə ana kampa keçməyi istəyirəm. Daha sonra isə gecəni keçirəcəyim yüksəkliyini hələ təyin etmədiyim birinci kampa qalxacam. Ümumiyyətlə daha öncə olmadığım bir ərazi olduğu və dağ marşrtunu tanımadığım üçün nə qədər tez getsəm o qədər yaxşıdır. Bu müəyyən riskləri azaltmış olar.

03:00

Düşüncələrlə yerimə uzandım, yatmaq isə mümkünsüz idi. Bir təhər özümü məcbur elədim.

Saatın səsinə oyandım. 2 saat keçmişdi. Yaxşı ki, beynim ən azından 2 saatlıq fasilə verə bilmişdi. Bu da böyük şeydir. Heç yatmamaqdan yaxşıdır. Qalxıb özümə çay qoydum. Bu arada ləvazimatları bir də nəzərdən keçirdim. Yaddaşıma etibar etmirəm deyə təkrar-təkrar yoxlamaq adətim olub. Elə ki, bəzən evdən çıxdığımda qapını bağlayandan sonra şübhəyə düşüb təkrar açıb işığı, qazı yoxlayıram. Bu həm mühafizəkar xarakterimdən irəli gəlir, həm də ki yaddaşıma az etibar etməyimdən.

Xatırlayıram ki, universitetə hazırlaşanda da oxşar xasiyyətim var idi. Belə ki, ətrafımdakı bəzi dostlar, tanışlar bir dəfə oxuyaraq mövzunu yaxşı başa düşürdülər və bir dəfəyə müəyyən riyazi məsələləri və s. həll edirdilər. Eləcə də nəzəri fənləri bir dəfə oxuyub daha yaxşı mənimsəyənlər var idi. Amma mənim üçün bu yetərli deyildi.  Mən aradakı boşluğu mövzunu bir neçə dəfə oxuyaraq bağlayırdım. Mənim də üstün xüsusiyyətim o idi ki, qısa müddət ərzində sürətimi xeyli artırmışdım və artıq gün ərzində ən azı iki dərsliyi başdan ayağa oxuya bilirdim. İndi təsəvvür edirəm və mənə mümkünsüz gəlir. Deməli insan istədiyi zaman və xüsusilə çox çalışdığı zaman çox şeyi əldə edə bilər, hətta bunun üçün yetərli bacarığı olmasa da. Əsas odur ki, çox istəyəsən və onun üçün var gücünlə çalışasan.

Çay qaynamışdı və artıq buxarlanırdı. Qazın altını söndürdüm. Çay dəmləməyə həvəs yox idi. Birdəfəlik çaylardan birini açıb stəkana qoydum və suyu süzdüm. Bu birdəfəlik çaylardan və bir neçə birdəfəlik kofe çantama da qoymuşdum. Dağda çayın və kofenin yeri başqadır. Son dəfə ətrafa nəzər yetirdim, pul qabı, maşının pultu, evin açarı və s. götürüb qapıya yaxınlaşdım. Böyük çantanı belimə aldım, balacanı da əlimə götürdüm və qapını açdım. Arxadan kilidləyib qaraja düşdüm. Yükləri yerləşdirib maşını işə saldım. Səhərin belə tez vaxtında məndən başqa qarajda heç kəs yox idi. Beləcə yola düşdüm.

Bakı yenə tezdən qalxmışdı. Küçələrdə şütüyən maşınlar az da olsa artıq səssizliyi pozurdu. Hələ hava açılmadığı üçün maşını yavaş sürürdüm. Həm də az yatmışdım. Baxmayaraq ki, aldığım yuxudan asılı olmayaraq sükan arxasında tam reaksiya vəziyyətində oluram amma yenə də hər ehtimalı nəzərə alıb havanın qaranlıq vaxtı ehtiyyatı əldə vermək istəmədim. Əslində bu vaxtı küçələrdə əvvəllər daha çox maşın olurdu. Ancaq indi karantin səbəbindən məhdudiyyətlər olduğu üçün bu say xeyli azalmışdı. Radionu açdım. Özüm də radiodakı mahnını müşayiət etməyə başladım. Ümumiyyətlə tək maşın sürdüyüm vaxtlar müəyyən psixoloji ətalət hiss etdiyimdə başlayıram öz-özümə danışmağa və mahnı oxumağa. Bu mənim reaksiyamı aktiv saxlayır. Mən hiss etməliyəm ki, ətrafa reaksiyam yüksəkdir, əks halda maşın sürmərəm. Çünki bu insanın sükan arxasında yuxulamağına və idarəetməni itirməyə səbəb ola bilər.

Qaranlıqda qabaqda qurulan postu və sayrışan polis maşınlarının işıqlarını gördüm. Sənədlərimi təqdim edib postu keçdim və beləcə Babadağ səyahətim üçün yeganə bürokratik əngəl aradan qalxmış oldu. Artıq qarşımda uzanan boş yollar və məni gözləyən dağlar idi. Bu dəfə ilk dəfə olaraq başqa bir yolla İsmayıllıya gedirdim. Yəni həmişəki kimi İsmayıllının Lahıc kəndinin içərisi ilə yox, Şamaxının Dəmirçi kəndindən Lahıca gedən yola tərəf istiqamətlənmişdim. Deyilənə görə bu yol məsafəni daha da azaldacaq. 2 saat sonra Şamaxıya çatdım və Pirqulu istiqamətində getməyə başladım. Bu yol Şamaxının Dəmirçi kəndinə oradan isə yeni çəkilmiş və bir çox kəndi birləşdirən yeni yolla Lahıc kəndinə aparırdı. Mənə yerli bələdçinin dediyinə əsasən Babadağa gedən istiqamətdə ən ucqar kənd olan Burovdala dönən yerdə dayanmalı idim. Dəmirçi kəndindən yeni yola döndüm və dolamalarla yuxarı meylli bir yola başladım. Yolun dikliyi bəzi yerlərdə xeyli çox idi və getdikcə dəniz səviyyəsindən yüksəklik də artırdı. Bəzi yerlərdə artıq dumanın içindən keçməyə başladım və həmin hissələrdə sürəti azaltdım.

Dəmirçi kəndi və Lahıc kəndi arasındakı yeni yol

Bəzi hissələrdə yəqin ki, yaxın günlərdə yağan yağışların və dağdan gələn suyun təsirindən yolda çökmələr yaranmışdı və təkəri bilmədən buralara salmaq an məsələsi idi. Ona görə ehtiyyatlı olmağa çalışırdım. Dəniz səviyyəsindən 2700 metr yüksəklik. Solumda bu sözlər yazılan yol nişanının yanından keçdim. Bu hissələrdə xeyli duman var idi. Sonra yol aşağı meylli istiqamətdə davam etməyə başladı. Bir xeyli belə davam etdikdən sonra nəhayət qarşıda müəyyən tikilinin olduğu yerə yaxınlaşmağa başladım. Bir az da yaxınlaşdıqda yolun sağında Burovdal məntəqəsi nişanının olduğu gördüm. Nəhayət ki, gəlib çatmışdım. Maşını yolun sağına çəkib saxladım. Aşağı düşüb səhərin təmiz havasını ciyərlərimə çəkdim. Saata baxdım 07:30 idi. Bələdçinin məni qarşılamağa gəlməsinə hələ 40 dəqiqə var idi. Ona görə yolun digər tərəfindəki çayxananın stolunda oturub istirahət etməyə və özümlə gətirdiyim bəzi birdəfəlik yeməklərlə səhər yeməyi etməyə qərar verdim.

Məni aparacaq nəqliyyat gələnə qədər ətrafdakı mənzərəni müşahidə etməyə başladım. Bİr az sonra çayxananı işlədən də gəldi. Onunla söhbətə başladıq. Haradan olduğumu və s. soruşdu. Sətraltı yumorla danışmağa cəhd elədiyi hiss olunurdu. Uğursuzluğunu üzə vurmadım. Hər halda hər kəslə dil tapmaq lazımdır. Hamıdan rasional danışmağı, dediyi hər şeyi götür-qoy etməsini gözləyə bilmərik. Ancaq hər kəsin maraq dairəsi olan mövzular var. Həmin mövzular ətrafında söhbəti qurmaq məncə daha uğurlu kommunikasiya tərzidir. Dahir sonra  bir neçə nəfər də gəldi. Babadağ üçün gəldiyimi eşidəndə ziyarət münasibətilə Allah qəbul etsin deyirdilər. Onlara təşəkkür edib dağçı kimi gəldiyimi xatırlatdım. Ümumiyyətlə Babadağ, Qoşqar kimi dağlara pir, ziyarətgah məqsədli qalxıldığını eşitmişdim. Hətta yadımdadır bir neçə il öncə Qaşqar zirvəsinə qış yürüşü etmişdik və zirvəyə çatdıqda o qədər qarın içərisində daşın altından 5 manat pul da tapmışdıq. Hər halda mənə qəribə də gəlsə insanların bu şəkildə inancına hörmətlə yanaşıram. Çünki belə baxanda mənim də uzun yol qət edib, xərc çəkib gəlib dağa qalxmağım bir çoxlarına qəribə gəlir. Tez-tez soruşurlar ki, buna görə nə qədər pul alıram. Çox maraqlıdır, yəqin insanlar belə bir hobbinin olacağına az ehtimal verirlər. İnanıram ki, bir gün dağçılıq normal sosial fəaliyyət kimi bizim ölkədə də adiləşəcək ancaq ona qədər biz bu suallarla mütəmadi olaraq qarşılaşmağa hazır olmalıyıq.

Masa ətrafında əyləşən çoban həyat şəraitindən bir növ gileylənərək itlərini göstərdi. Bir neçə gün öncə hansı dərədəsə itirib sonradan gedib hamısını bir yerdə tapıb. Dediyinə görə itləri ona çox öyrəşib. Bir az səmimi söhbət edən kimi cavanlığında orduda xidmət edərkən aldığı zədələr və onların indiki həyatında qoyduğu izlər barədə danışmağa başladı. Düzdür bir zirvə yürüşü öncəsində neqativ hisslərlə köklənmək istəmirəm amma artıq buna öyrəşmişəm. Bilirəm ki, insanların bu və digər mövzularda problemləri var  və bəzən sadəcə qulaq asmaq lazımdır. Dərdlərinin eşidilməsi belə bəzən insanları rahatladır.

Məni ana kamp olan Qurbangah deyilən əraziyə aparacaq nəqliyyat sürücüsü gəlib çıxdı.  Dediyinə görə əvvəl niva ilə Burovdal kəndi yaxınlığındakı bir kəndə daha sonra isə uvazla Burovdalın yanından keçməklə çayın içərisi ilə Qurbangaha gedəcəyik. Bir yerdə çay içdik, mən daha sonra çantaları gedəcəyimiz maşına yüklədim. Bir az söhbət edib saat təxminən 08:30-da yola düşdük. Yol boyu gözümü mənzərələrdən ayıra bilmirdim. Buralar çox gözəldir. Hələ axşam yağış da yağmışdı deyə səhər dumanla qarışıq maraqlı bir hava vardı. Yol boyu çoban yataqlarının içərisindən keçirdik və təəccüblü şəkildə çoban itləri aqqresiv şəkildə maşına hücum edirdilər. Maşını diqqətlə sürməsə sürücünün onları vurması ehtimalı çox idi. Hətta yolüstü gördüyüm itlərdən biri topallayırdı və eşitdiyimə görə bir neçə gün öncə maşınlardan birinə tərəf qaçan zaman zədə alıb və artıq sadəcə kənardan hürməklə yetinirdi. İtlərin bu xüsusiyyətini başa düşməyə çalışıram. Yəni bu sadiqlikdir yoxsa instink amma qoruduqları yataq uğrunda özlərini ölümə atdıqları bir gerçəkdir.

Girdimançayın sahilindəki Çandar (Gendərə) kəndinə gəlib çatdıq. Burada maşınları dəyişdik və uvazla yola davam etdik. Bir az sonra niyə belə etdiyimiz daha yaxşı başa düşdüm. Yol Girdimançayın yatağı ilə davam etməyə başladı və demək olar ki, çayda yaxın müddətlərdə az nəqliyyat getdiyi üçün cığır yox səviyyəsində idi. Vaxtaşırı çayın içərisi ilə davam edir sonra yenə çınqıllığa qalxırdıq. Burada maşın sürmək həm çətindir həm də maşın üçün çox zərərlidir. Maşını altını və ya kənarlarını vurmamaq üçün maksimum ehtiyyatlı olmalısan.

Təxminən 1.5 saatlıq yoldan sonra nəhayət ki Qurbangaha gəlib çatdıq. Bura dəniz səviyyəsindən təxminən 2500 metr yüksəklikdə yerləşdir. Burada yay mövsümü ərzində daimi qalan insanlar var. Onlar bura gələn ziyarətçiləri qarşılayır, onlara yemək çay və s. verirlər. Eyni zamanda burada qurban kəsimi üçün xüsusi yer də ayrılıb. Əlavə olaraq da qadın və kişilər üçün ayrı-ayrı tualetlər də tikilib. Bəzi insanlar bura gəlir və Babadağa qalxırlar. Bəziləri də sadəcə bura gəlir qurban kəsir və ya nəzir verib geri qayıdırlar.

Biz Qurbangaha çatdığımızda demək olar ki, ziyarətçi yox idi. Bu məni sevindirdi. Çünki mən bura bir dağçı kimi gəlmişəm və istəyirəm ki, dağı qalxanda tək olum. İlk solo dağ yürüşümdə bütün marşrutu tək getmək istəyirəm. Şərtlər tam da mənə uyğun idi. Həm ziyarətçi yox idi, həm də hava əlverişli idi. Qurbangahın daimi sakinləri ilə çay süfrəsi ətrafında əyləşdik. Boş vaxtlarını keçirmək üçün domino oynayırdılar. Mən də onlara qoşuldum. Tez bir zamanda tanımadığım bu insanlarla domino sayəsində səmimi söhbətlər etməyə başladıq. Bir neçə oyun ard-arda oynadıq. Hiss olunurdu ki, qurtarmaq istəmirlər. Görünürdü ki, ziyarətçilərin olmadığı bu günlərdə domino onların ən maraqlı sosial fəaliyyətinə çevrilib. Ancaq mən burada çox vaxt itirə bilməzdim. Ona görə dominoya fasilə verib bələdçinin gətirdiyi pomidor, xiyar, pendir və çörəklə nahar etməyə başladıq. Dağda olanda adətən yüksəklikdən yaranan təzyiq fərqi səbəbindən iştahsızlıq yaranır və yürüş sonrası xeyli çəki itirirsən. Mən əvvəlki təcrübələrimdən dərs almışdım ona görə özümə söz vermişdim ki, nə vaxt ki, iştahım olacaq mümkün qədər çox yeyəcəm. İndi də iştahım yaxşı idi. Ona görə təmiz dağ havasında yerli məhsullardan ibarət naharı iştahla yedim və yürüş öncəsində özümə yetərincə enerji depoladım.

Qurbangahdan Babadağ zirvəsinə aparan yol və silsilənin mənzərəsi

Çölə çıxıb kampdan dərə boyunca Babadağa aparan silsiləni müşahidə etdim. Arabir duman gəlir və gedirdi. Saat isə 11-i göstərirdi. Hərəkətə başlamaq vaxtı idi. Çünki yüküm ağır idi və gedəcəyim yolda nə qədər vaxt itirəcəyimi tam dəqiq bilmirdim. Təxmini aldığım məlumata əsasən yuxarıda birinci çayxana deyilən yer var. Orada ziyarətlərin gur olduğu illərdə çay fasiləsi üçün müvəqqəti məntəqə var imiş. Amma indi heç kimin olmadığını və oradakı çadırın da dağıldığını deyirdilər. Daha bir fasilə yeri zirvəyə aparan sirtin üzərində olmalı idi. Hədəfim birinci çayxanaya çatıb orada kamp qurmaq və gecəni kampda keçirmək idi. Ana kampda qalmağı istəmirdim çünki bu solo yürüşün təbiətinə zidd olacaqdı.

Saat təxminən 11-i göstərirdi. Çantamı belimə aldım. Çubuqlarımı da götürdüm. Kameramı da boynumdam asıb yürüşə başladım. Artıq bir az sonra kamp arxada qaldı. Cığır isə məni ilk dəfə getdiyim Babadağ zirvəsinə doğru istiqamətləndirirdi. Belimdəki yükün ağırlığı ilə sürətim zəif idi və beləcə Ana kampdan (2500m) təxminən 250 m yüksəyə birinci çayxana deyilən yerə 3 saat ərzində gəlib çatdım.

1-ci çayxana

Burada vaxtilə olmuş çadırın ağacdan dayaqları və bir neçə parça var idi. Yükümün verdiyi yorğunluqla daha yüksəyə qalxmağın doğru olmadığını düşündüm. Çünki bura kamp üçün yaxşı idi amma yuxarıdakı ikinci dayanacaq daha külək tutan yerdə olmalı idi. Qərar verdim ki, gecəni burada keçirim və səhər buradan zirvəyə yürüş edim. Beləcə kamp ərazisini təmizlədim, çadırı qurdum və əşyaları yerbəyer elədim. Bir az istirahət etdikdən sonra çadırın içində yemək yedim və su içdim. Bu artıq bu gün yediyim üçüncü yemək idi. Dağda iştahsızlığın yarandığını nəzərə alsaq bu əla göstərici idi. Yəni, ən azından enerji cəhətdən yetərincə qaydasında olacam.

Bir az da istirahət edib çadırdan çölə çıxdım. Ətrafı müşahidə etməyə və düşünməyə başladım. Duman tez-tez dərəyə daxil olur və çəkilirdi. Düşünmək və həyatındakı şeyləri götür qoy etmək üçün çox yaxşı zamandır. Hər şey bir kənara burada özünü yetərincə azad hiss edirsən. Burada sərhədlər yoxdur. Burada qaydalar yoxdur. Əslində var amma təbiətin qoyduğu qaydalardır. Bəlkə də insanların qoyduğu qaydalardan bezdiyimiz üçün təbiətdə, dağda olmaq bizə daha yaxşı hiss verir. Həm fiziki, həm də mənəvi olaraq istirahət edirsən.

Düzdür 4000+ zirvələrlə müqayisədə Babadağ daha alçaqdır amma hər hansı bir halda dağçılığın qaydalarına uyğun hərəkət etmək məncə yüksəklikdən asılı olmayaraq vacibdir. Ona görə səhər daha rahat şəkildə zirvəyə qalxmağı təmin edə bilmək üçün akklim yürüşü etməyə qərar verdim. Akklim yürüşü bədənin yüksəkliyə öyrədilməsi üçün aşağı kampdan yuxarı kampa qalxıb geri qayıdılmasına deyilir. Beləcə saat təxminən 3-də sadəcə çubuqlarımı götürərək yürüşə başladım. 2750 metrdən 3000 m-ə qədər qalxdım. Yol boyunca daşlar üzərində bağlanan parçaları və s. müşahidə etdim. Həm də bu akklim yürüşü ona görə vacib idi ki, səhər tezdən qaranlıqda yürüşə başlayacağım üçün marşrutu bilmək istəyirdim ki, yoldan çıxmayım. Beləcə 3000 metrdən kampıma geri qayıtdım. Ətrafda yavaş-yavaş duman artırdı.

Geri qayıdıb çadırımda uzandım və özümü istirahətə verdim. Çadırımda mən və bütün ləvazimatlarım var idi. Çöldə duman ətrafı bürümüşdü və kiskinli hava var idi. Odur ki, çöldə elə bir əşya qoymamışdım. Yürüşdən öncə türk dağçı Nasuh Mahrukinin “Bir dağcının güncesi” kitabını götürmüşdüm. Kitabı oxumaq üçün bundan gözəl vaxt olar bilərdimi?. Uzanıb başımın altına şişmə balıncı da qoyub oxumağa başladım.

Nasuh Mahruki mənim üçün ideal sayıla biləcək insanlardan biridir. Belə ki, o təkcə dağçı yox həm də bir macərapərəstdir. Dünyanın ən yüksək zirvələri ilə yanaşı, planetin ucqar yerlərinə, hətta yeraltı mağaralara belə yürüşlər edib. Özü dediyi kimi mübarizəsi dağlarla və ya təbiətlə deyil, özü ilədir. O qeyd etdiyi kimi dağçılıq azarkeşi olmayan bir idman növüdür və burada sən bir zirvəyə qalxdığın zaman öz bədəninin və gücünün sərhədlərini test etmiş olursan və qazandığın uğuru özün təkbaşına qeyd edirsən. Nasuh deyir ki, ağıl və cəsarəti birləşdirən dağçılar sağ qalırlar. Onun həyat sevgisi, bununla yanaşı məcərapərəstliyi cəsarəti ilə birləşib onu dünyada bir çoxlarının edə bilmədiyi işlərə sövq edib. Türkiyədə 4000 metrin altında zirvələrdən birbaşa orta Asiyanın, Tyanşan dağlarının 7000-lik zirvələrinə gedib və bir neçə il ərzində 5 dənə 7000-lik zirvəni tamamlayıb qar leoparı adını alıb. O eyni zamanda 8000 metrlik dünyanın ən böyük zirvlərindən bir neçəsinə solo qalxıb. Bu sadəcə olaraq böyük cəsarət və güc tələb edir. Nasuha yaşayan əfsanə demək olar.

Saatlar bir-birini əvəz edir, mən isə Nasuhun Xan Tengri zirvəsinə olan yürüşü və başına gələnləri oxumaqda davam edirəm. Onun həyatı və 25-26 yaçlarda, gənc vaxtlarda belə bir uğura imza atması xüsusilə heyrət vericidir.

Hava getdikcə soyumağa davam edirdi. Çay içməyə qərar verdim. Sobanın altını yandırdım. Kamp çaydan dəstim başqa bir dağçı dostda qalmışdı. Ona görə evdə istifadə edilən balaca bir dəmir qab götürmüşdüm. Onun içinə su töküb qazın üstünə qoydum və qapağını bağladım. Bu ərəfədə çadırın içindəki əşyaları bir az yerbəyer etdim ki, səhər qalxanda lazımı əşyaları tapa bilim. Səhər götürəcəyim çantanı da hazırlayıb indidən kənara qoydum. Bir stəkan çay hazırlayıb içməyə başladım. Axşamın sərinliyində yaxşı getdi. Düzdür çöldə daha soyuq hava var idi amma çadırın içindəki temperatur daha yuxarı idi. Yerimə uzanıb kitabı oxumağa davam elədim.

Saat 12:30-da çox yuxum gəlməməsinə baxmayaraq yatmağa qərar verdim. Bir təhər yatmalı idim. Çünki dağda ən önəmli şeylər düzgün qida, düzgün yuxu və düzgün akklimdir. Bunlardan ikisini etmişdim, bir az da yuxu almaq lazım idi. Beləcə saatı 3:00-a qurub yatdım.

Saat 3-də saatın səsinə oyandım. Qalxıb bir az çadırın içərisində oturdum. Daha sonra çadırı açıb havaya baxdım. Hələ çox qaranlıq idi. Saat 4-də hərəkətə başlamağı planlamışdım. Amma indi bir az tərəddüd etdim. Bəlkə bir az da gözləyə bilərdim. Nə isə buna bir azdan qərar verərəm deyib balonu yandırdım. Qabı su ilə doldurub qaynamağa qoydum. Bu arada da telefonumda musiqi qoydum. Mənim üçün musiqi həyatın ən önəmli tərkib hissələrindən birinə çevrilib. Bəlkə qalxdıqdan sonra musiqiyə qulaq asmadığım gün yoxdur. Səhər tezdən qalxanda adətən sadəcə çayla kifayətlənirəm, amma yemək yemirəm. Ancaq musiqisiz başladığım son səhəri xatırlamıram. Musiqi ruhumu qidalandırır. Məni yeni işlərə, yeni gəzintilərə motivasiya edir. Müxtəlif əhval-ruhiyyədə olduğum zamanlarda ruhuma təsəlli verir. Musiqi eyni zamanda bir dost kimi hər zaman yanımdakı boşluğu da doldurur.

Beləcə səhərimi musiqi ilə də zənginləşdirib qaynatdığım su ilə kofe hazırladım. Çadırın qapısını açdım və səhərin sərin, bir az da soyuq havasında qaranlığa məhkum olmuş dərəni müşahidə edərək kofeni içməyə davam etdim. Bu arada beynimdə yürüş qrafikimi də götür qoy etməyə başladım. Kofeni içib əşyalarımı yoxlmağa başladım. Bu yerdən sonra yürüş ayaqqabımı, dağ ayaqqabısı ilə əvəz edəcəkdim. Fanarlarımı yoxladım. Kaskanı tənzimlədim. Saata baxdım, 4-ü göstərirdi. Çölə çıxdım. Havaya baxdım, amma nəsə güvən vermədi. İndi yürüşə başlasaydım hava ağarana qədər hələ bir xeyli yol gedəcəkdim. Ona görə bir az da gözləməyə qərar verdim. Vaxtımı çadırda əşyaların yerini tənzimləməklə və musiqi dinləməklə keçirdim.

Saat 4:30-da tam hazır şəkildə çadırımdan çıxıb qapısını bağladım və hərəkətə başladım. Hava qaranlıq idi. Baş fanarımla getdiyim cığırı işıqlandıraraq yoluma davam etdim.  Ürək ritmimə əsasən qısa müddətli fasilələr verib yoluna davam edirdim. Hava da getdikcə işıqlanmağa başlamışdı.

Təbiətin oyanışını müşahidə edərək dağda qalxmaq başqa bir hissdir. Mən artıq bu hissi dəfələrlə yaşamışam. Təxminən 2 saat sonra Babadağa aparan silsilənin belində idim. Buradan silsilənin digər tərəfində Quba rayonu və kəndlərinə gedən yol görünürdü. Aşağıda Qarxun kəndi istiqamətində Babadağa eyni tarixlərdə yürüş etdiyimiz dağçı dostların çadırlarını da gördüm. Bir az irəlilədikdən sonra digər bir dərədə cığırla hərəkət edən bir qrupu da gördüm. Onlar da zirvə istiqamətində irəliləyirdilər.  Fasilə verdikdən sonra yoluna davam etdim.

Daha 2 saat sonra isə mən artıq zirvəyə addımlarımı atırdım. Zirvədə sığınacaq var idi. Bura əvvəlki dövrlərdə bildiyim qədər insanların mövsümi olaraq yaşadığı və zirvəyə qalxanlara çay verdiyi bir yer olub. Bir az istirahət verdim. Özümlə gətirdiyim portağalı yedim. Bu mənim üçün yaxşı enerji oldu. Ancaq suyum qurtarmışdı. Ümid edirdim ki, zirvədə bu sığınacaqda insan olar və mən çay içə bilərəm. Amma təəssüf ki, heç kəs yox idi.

Sığınacağın içərisinə boylandım. Orada yatmaq üçün bir neçə nəfərlik yer var idi. Solda isə gözümə coca cola sataşdı. Ağzından azca əksik idi. Bu mənim üçün cekpot udmağa bərabər idi. Suyu bitmiş bir insanın, su özü də cola tapması zirvədə qızıla bərabər bir şey idi. Yəqin ki təzəcə burada insanlar olub. Sudan içib itirilmiş enerjini xeyli bərpa elədim. Bir az keçdikdən sonra aşağıdan gələn qrup da zirvəyə çatdı. Bunlar Qubada bir dağçılıq klubunun üzvləri idi. Onlarla zirvədə tanış oldum. Bir-birimizə yemək, su təklif etdik. Onların qrupla şəkillərini çəkdim, birlikdə də şəkil çəkdirdik.

Zirvədə hava çox gözəl idi. Ətrafın bol-bol şəklini və videosunu çəkdim. Təxminən 1 saatlıq zirvədə istirahətdən sonra saat 9:30-da geriyə qayıtmaq üçün hərəkətə keçdik. Silisənin belində müəyyən nöqtədə yolumuz qrupla ayrıldı. Onlar Quba tərəfə mən isə İsmayıllı tərəfə düşməyə başladım. Qısa müddət sonra kampıma gəlib çatdım.

Çadırımda qısa istirahət fasiləsindən sonra yemək yeməyə başladım. Artıq günəş xeyli qalxmışdı və yandırırdı. Tezliklə çadırımı və digər ləvazimatlarımı topladım. Çantamı tam yığdım. Zibili isə ayrı bir torbaya yığıb özümlə götürdüm və hərəkətə başladım.

Bir az aşağıda çoban qoyunlarını otarırdı. Onunla salamlaşıb yoluma davam etdim. Həm yorğun halda üzü aşağı getməyin verdiyi çətinlik, həm də belimdəki yükün həddindən artıq ağır olması səbəbindən qıçlarıma saldığı təzyiq yürüşü xeyli çətinləşdirirdi. Bu səbəbdən daha zəif sürətlə hərəkət etməli olurdum. Yol boyu qarşıma ziyarət məqsədli dağa yürüşə başlayanlar çıxdı. Məni çox təəccübləndirən həmin insanların nə geyim nə də ləvazimat olaraq hazırlıqlı olmaları idi. Bəziləri hətta maykada yürüş edirdi. Hələ təzə yürüşə başlayanların isə ‘qardaş zirvəyə çox var?’ deyə soruşmaları isə ayrı bir gülümsəmə səbəbi idi.

Beləcə Qurbangaha gəlib çatdım. Suzuzluğum həddindən artıq çox idi. Ona görə tez çay sifariş verdim. Kampdan sonra ağır yüklə yorucu bir enişdən sonra çayı heç nə əvəz edə bilməzdi. Məni geri qaytaracaq bələdçi isə çöldə gözləyirdi. Beləcə ilk solo dağ səyahətimin sonuna gəldim. Ümumi götürdükdə çox zövq aldığım, gücümü, iradəmi, potensialımı test etdiyim bir yürüş oldu. Düşünürəm ki, bu gələcəkdə edəcəyim daha maraqlı solo yürüşlər üçün də gözəl bir başlanğıc oldu.

LEAVE A COMMENT