Getdikcə özümə inamım artır və artıq qrupun önündəyəm – Bazaryurda doğru

Həyat acı və şirini ilə həmahəngdir. Əgər biz həyatdan zövq alırıqsa deməli çətin günlərimizi yaxşı günlərimizlə müqayisə edirik. Ümumiyyətlə xoşbəxtlik olduğun anı keçmişdəki başqa bir anla müqayisə etməkdən ibarətdir. Əgər indiki anda yaşadığın hisslər sənin üçün daha xoşdursa, müqayisədə sənə daha gözəl hisslər yaşadırsa deməli sən xoşbəxtsən. Əgər həyatda yaşadığımız hisslər düz bir xətt boyunca gedərdisə onda biz yəqin ki bu monotonluq içərisində acı və şirin hisslərin fərqinə vara bilməyəcəkdik. Acı olduğu üçün şirin bizə daha xoş gəlir və ya xoş günlərimiz olduğu üçün acı xatirələr bizə əzab verir. Amma nə edə bilərik ki, biz bundan qaça bilmirik. Bizə düşən qədərimizə yazılanlarla razılaşıb həyatımızı ona uyğunlaşdırmaqdır..

Bazaryurd zirvə səyahəti çox öncəsindən planlaşırılmışdı. Ümumiyyətlə Azərbaycanda hər hansı 4000m+ zirvəyə yürüş öncəsində keçilməli olan bir çox prosedur var. Bunlar isə zaman tələb edir. Ona görə biz çox öncədən plan qurur və işlərimizi ona görə uyğunlaşdırırıq. Bu bəzən problemlər də yarada bilir. Çünki yüksək irtifa dağçılıqda hava amili var və buralarda hava çox dəyişkən ola bilir. Bəzən gözəl bir pəncərə (havanın yaxşı olduğu bir neçə günlük period) tapırsan və çalışırsan ki, bundan istifadə edəsən amma əgər öncəsində icazə və s. prosedurlara başlamamısansa bu sənə yetərincə çətinlik yaradır. Bu da bizim dağçılıq sahəsində olan problemlərimizdən biri olaraq qalmaqda davam edir.

Dediyim kimi dağda hava tez-tez sürprizlər yaşada bilir. Bunlara hazırlıqlı olmaq lazımdır. Eynilə həyatda da sürprizlər çoxdur. Tez-tez biz xoş və acı sürprizlərlə rastlaşırıq. Mən də zirvə səyahətinə 1 gün qalmış belə bir anı yaşadım. Əmim uzun sürən xəstəlikdən sonra vəfat etdi və mən səyahətimə bir gün qalmış tez bir şəkildə ailəmin yaşadığı doğma şəhərim Şəkiyə yola düşdüm. Yaxşı ki, özümüzü vaxtında çatdırdıq və mən əmini son mənzilə yola sala bildim. Son duamı da oxudum və ən azından vəzifəmi müəyyən qədər yerinə yetirməyin verdiyi ilahi məmnuniyyət hissi və kədərli notlarla növbəti gün səhər tezdən tez bir şəkildə Bakıya geri qayıtdım. Buradan digər dağçı dostlarla birgə Qubaya yola düşəcəkdik. Bir gün içərisində mənim üçün dağ səyahəti öncəsində uzun bir yol yorğunluğu olacaqdı amma buna hazırlıqlı olmaq lazımdır. Bu gələcəkdəki daha ciddi və yüksək zirvələr üçün bir hazırlıqdır. Burada biz bir zirvəyə 2-3 gün vaxt ayırırıqsa 5000-7000 arası yüksək zirvələrə daha çox zaman lazım olur. Həm də ki, gedilən yol, hiss edilən atmosfer təzyiqi və oksigen azlığı və s. kimi faktorlar yürüşü daha da çətinləşdirir. Gələcəkdəki daha çətin yürüşləri nəzərə alsaq bu elə də ciddi bir çətinlik deyil. Bir də artıq mənim təcrübəm də xeyli artıb və artıq özümü həm fiziki, həm də psixoloji cəhətdən yüksək zirvələrə daha hazırlıqlı hesab edirəm. İndi tək başına (solo) 4000m+ zirvəyə gedəcək fiziki və psixoloji özgüvəni özümdə hiss edirəm və bu mənə daha böyük zirvələrə getmək inamını və iradəsini verir. Ancaq hər zaman özümə qoyduğum qayda var ki, mən dağa istədiyimdə gedəcəm və dağda professional qaydalara daim əməl edəcəm. Mənim üçün də ağıl və cəsarəti birlikdə istifadə etmək əsas düstur olaraq qalacaq. Çünki mən yaşamağı sevirəm və əgər daha çox səyahət etmək, daha çox zirvələrə qalxmaq və həyatdan daha çox zövq almaq istəyirəmsə deməli təhlükəsizliyim ön planda olmalıdır.

Bir neçə qruplar halında şəxsi avtomobilllərlə Qubaya, oradan da Xınalıq kəndinə hərəkət artıq başlamışdı. Biz ən son hərəkətə başlayan qrup olduq və yolculuq günortadan sonra başladı. Qubaya doğru yola düşdük. Dəfələrlə getdiyimiz bu yolu artıq əzbərləmişəm deyə bilərəm. Çünki biz təbiətdə təşkil etdiyimiz turlar səbəbindən bu yolu çox gedib gəlmişik. Bu yol sağlam olmaması cəhətdən həm məşəqqətli, dağlara bizi aparması cəhətdən isə çox sevimli bir yoldur bizim üçün. Bir neçə saatlıq yolculuq sonrasında Quba şəhərinə gəlib çatdıq və Qəçrəş kəndindən keçən zaman yemək üçün dayandıq. Şam yeməyi yeyib sonra yolumuza davam etməyə qərar verdik. Mənim son vaxtlarda özümə qoyduğum bir qayda var ki, dağa getdiyim zaman harda iştahım olsa mütləq yemək yeməliyəm. Yəni ki, yemək üçün xüsusi qrafik və zamandan asılı olmadan iştahım olan kimi maksimum yemək. Bu dediyimi dağçılar daha yaxşı başa düşər. Belə ki, dağlara doğru getdikcə xüsusilə müəyyən bir yüksəklikdən sonra təzyiq fərqi və oksigen azalması səbəbindən insanın normal fiziki vəziyyətində dəyişikliklər baş verir. Baş ağrısı ilə müşayiət olunan bu əhval ruhiyyə iştahsızlıqla davam edir. Dağ yürüşləri elədir ki, burada yetərincə enerji itirirsən və itirilən enerjini bərpa etmədiyin müddətcə sürətli şəkildə çəki itirirsən. Mən isə artıq öz çəkimi kontrolda saxlayıram. İstəmirəm ki, çox çəki itirim. Buna görə zirvə yürüşləri öncəsində və yürüş ərəfəsində qidalanmağıma xüsusi fikir verirəm. Ümumiyyətlə onu deyə bilərəm ki, dağçılıqda təcrübəm artdıqca bir çox şeyə diqqət etməyə başlayıram. Bura ləvazimat cəhətdən tam təmin olunma da daxildir və yetərincə komfort zonasında olmağa çalışıram. Daha öncə də qeyd etdiyim kimi mən dağçılığa bir idman növü ilə yanaşı həm də fəlsəfi cəhətdən və romantik yanaşıram. Dağda olduğum müddət ərzində maksimum yararlanmağa və düşüncə, gələcək məqsədlər və s. cəhətdən faydalanmağa çalışıram. Eləcə də hər bir yürüşə, hər bir dağ səyahətinə bir pillə, bir mərhələ olaraq yanaşıram. Məni gələcək hədəflərə aparacaq bir estafed kimi tələsmədən, zövq alaraq, özgüvənimi inkişaf etdirərək yoluma davam edirəm.

Qəçrəş kəndinə axşam olduğu üçün artıq hava soyuq idi və belə havada dadlı bir buğlama yaxşı gedərdi. Hərəyə bir buğlama, ardınca da sac sifariş verdik. Soyuq havada isti yeməyi böyük bir zövqlə yedim. Həm də yürüş öncəsində yetərincə enerji toplamağın verdiyi sevinci də içimdə hiss edirdim. Yürüşün uğurlu olması iki amildən çox asılıdır. Yetərli qida və yuxu. Bu iki amil yerində olduqdan sonra zirvə yürüşünün uğurlu olma ehtimalı daha yüksəkdir. Yeməyin sonuna doğru gələn bir zənglə bir neçə gün öncə avtomobilimi almağa gələn müştərilərin görüşmək istəməsi, artıq maşını almaqla bağlı ciddi qərar vermələri məni daha da sevindirdi. Avtomobilimi yeniləmək və səyahətlər üçün daha çox istifadə edə biləcəyim ekonom bir maşın almağa qərar vermişdim. Çox gözləmək istəmirdim. Böyük mühərrikli maşınımı sata bilməmək narahatlığı vardı içimdə və belə bir anda eyni müştəridən gələn ikinci zəng məni nə yalan deyim çox sevindirdi. Müştəri ilə qayıtdıqdan sonra görüşmək ümidilə sağollaşdıq və maşına minib yolumuza davam etdik. Xınalığa aparan və Qubanın digər dağ kəndlərinin ərazisindən, kanyonla keçən yolu qaranlıq havada yavaş-yavaş keçərək Xınalığa gəlib çatdıq. Bu dəfə əvvəlki yürüşlərdən fərqli olaraq ilk gecəni Xınalıqdakı qonaq evində qalacaqdıq. Bu əslində çox doğru və yerində bir qərar idi. Belə ki, akklimatizasiya üçün mərhələli şəkildə yüksəkliyə öyrəşmənin doğru olduğunu düşünürəm. Bu səbəbdən gecəni dəniz səviyyəsindən 2350 metr yüksəklikdə olan Xınalıq kəndində keçirmək növbəti gün baza kampa getmək çox doğru bir qərar idi. Bu həm də dağa ilk dəfə gələnlərin adaptasiyasına kömək edir, dağdan daha çox zövq almalarına şərait yaradır. Əks halda bədəni birdən-birə fiziki çətinliklə üz-üzə qoymaq insanların dağdan soyumasına və nifrət etməsinə səbəb ola bilər. Bundan qaçınmaq lazımdır.

Qonaq evinə çatıb əşyalarımızı yerləşdirdik. Daha sonra çay içərək yol yorğunluğumuzu müəyyən qədər atdıq. Yataq otağımız bir növ kazarmanı xatırladırdı. İki mərtəbəli və yanaşı dayanan bir neçə çarpayıdan ibarət otaqda yerlərimizi dəqiqləşdirdik. Ətrafda xeyli çanta, əşyalar və söhbətləşən dağçılar. Onlardan bəzilərinin öncədən zirvəyə qalxma təcrübəsi vardı, bəziləri isə ya ilk dəfə dağa gəlir, ya da ki, ilk dəfə 4000m+ dağa qalxırdı. Bəzilərinin üzlərindəki sevinclə yanaşı, narahatlığı da hiss etmək olurdu. Əslində bu çox normaldır. Nə qədər olmasa bu ciddi bir dağ dırmanışıdır. Sadəcə özündə dırmanış hissəsini yox, baza kampa gediş, orada gecələmək və mövcud təzyiq səviyyəsində yürüşü də özündə ehtiva edən bir dırmanış. Amma bu narahatlıqlarını aparan önəmli bir amil də vardı. O da təcrübəli alpinist Firuzun onlara verdiyi məsləhət, motivasiya idi. Mən daxil bir neçə dağçı dost üçün isə bu mərhələ çoxdan keçilmişdi. Biz artıq dağdan daha çox zövq almağı, daha çox əylənməyi və getdiyimiz yerləri daha çox kəşf edə bilməyi düşünürdük. Dostum Eminlə bizim daha bir missiyamız var. Biz Azərbaycandakı ən yüksək 7 ədəd 4000m+ dağları qalxmağı planlaşdırmışıq. Emin bu zirvəyə qədər üçünə qalxıb, mən isə ikisinə. Bu zirvədən sonra mənim dörd, onun isə 3 dənə çıxılmalı dağı qalacaq. Düzdür arada biz fikirləşirik ki, bəlkə bir dəfəyə bir neçə zirvəyə çıxaq.  Amma sonra qərara gəlirik ki, yox 2-3 günlük qısa bir zaman kəsiyində ən yaxşısı bir zirvəyə qalxmaq və ondan yetərincə zövq almaqdır. Həm də məncə hər zirvənin bir hekayəsi olmalıdır. Necə ki, bu hekayəni mən sizinlə bölüşürəm eləcə də digərləri. Artıq yatmaq vaxtı idi. Qalın yorğanın altına girib gün ərzində avtomobillə uzun məsafə qət etmənin verdiyi yol yorğunluğu ilə yuxuya getdim.

Səhər tezdən qalxdıq. Qonaq evinin balkonuna çıxdım. Buradan əzəmətli Xınalıq dağına gözəl bir mənzərə açılır. Təmiz havanı ciyərlərimə çəkdim. Daha sonra gedib əl-üzümü soyuq su ilə yudum. Su əli donduracaq qədər soyuq idi. Əllərimi yuyub həyətdəki xüsusi tikiliyə gəldim. Samovar çayı qaynayırdı və süfrə yavaş-yavaş qurulmaqdaydı. Dağçılar bəziləri yuxulu, bəziləri də artıq şən üz ifadəsi ilə süfrə arxasına əyləşirdilər. Olduğum mühit və an mənə çox ləzzət edirdi. Çünki ümumi bir maraq xatirinə bir çox fərqli peşədən olan insanlar bir araya gəlmiş və çox fərqli bir məkanda səhər yeməyi üçün süfrə arxasına yığılmışdılar. Deyib-gülən, süzülən çaydan içib yeməyə başlayan kim və əlimdəki kamera ilə bütün bunları qeydə alan mən. Müqayisə etdiyim zaman ilk dağçılıq təcrübələrimə nəzərən artıq daha böyük inam və özgüvən içərisində idim. Bu dəfə yürüşlə bərabər yaşayacağımız anları da qeydə almağa çalışırdım. Səhər yeməyini yekunlaşdırdıqdan sonra hazırlıq başladı. Ağır bel çantalarına son baxış keçirildi və çantalar bizi Şahyaylağına aparacaq Qaz 66-ya yüklənməyə başlandı. Daha sonra hər kəs bir-bir maşına qalxdı və qurulmuş taxta oturacaqlara oturdu. Bu arada sizə demək yadımdan çıxıb. Bu dəfəki yürüşdə bizim balaca bir dostumuz da var. Akella haski növünə məxsus ağ rəngli şirin bir itdir. O öz sahibi ilə növbəti zirvəyə qalxmaq üçün bizimlə gəlib. Növbəti deyirəm, çünki, daha öncə Akella ən yüksək zirvəmiz olan Bazardüzünə də qalxıb. Hərdən istəyirəm ki, belə bir iti sahiblənim amma sonra mənzildə yaşadığımı xatırlayır və bu fikrimdən vaz keçməli oluram.

Budur hərəkətə başladıq və bu güclü maşın arxasındakı ağır yüklə təxminən 16 nəfərlə birlikdə yola düşdü. Kəndin içərisindən keçib ilk posta yaxınlaşırıq.

Burada ilk olaraq Şahdağ milli parkına icazələri təqdim edib keçirik və növbəti, çox da uzaqda olmayan ikinci posta gəlirik. Burada Dövlət Sərhəd Xidmətinin əsgərləri həmişəki kimi bizi qarşılayır. Bir az yubanmalı oluruq. Çünki bir nəfərin icazəsi ilə bağlı nəsə anlaşılmazlıq yaranıb. Amma təxminən 1 saata bu da həll olunur və biz artıq Şahyaylağa doğru qarşımızda heç bir maneə olmadan irəliləyirik. Yol boyu bizi uca zirvələr müşayiət edir. Əvvəla Qızılqaya platosunun əzəməti bizi valeh edir.

Bir az daha irəlilədikdən sonra isə əsrarəngiz görkəmə sahib Şahdağ platosu və Rusiya ilə sərhədə doğru Yarudağ bizi qarşılayır. Uzaqdan da görsək bu görünüş bizi valeh edir.

Böyük qoyun sürülərinin arası ilə, üzərimizə hürən çoban itlərinin arasından keçib yolumuza davam edirik. Bəzən çaydan keçir, bəzən də dik yamaca qalxırıq. 1.5-2 saat sonra biz nəhayət ki, Bazardüzünün ilk kampı sayılan yerə gəlib çatırıq. Xatırlayıram ki, fiziki cəhətdən çətin keçən Bazardüzü yürüşümüz zamanı birbaşa bu kampdan zirvəyə və geriyə yola düşmüşdük. Hələ 4000m+ yüksəklikdə dizə qədər qara batmağımız isə tam başqa bir fiziki çətinlik və duyğusal hərc-mərclik idi. Nə isə artıq geridə qalan bu anları xatırlayıb yükləri düşürürəm. Hər kəs çantalarını götürür və yürüşə hazır vəziyyətə gətiririk. Az sonra yürüş başlayır və biz artıq bizə tanış olan cığırla irəliləməyə başlayırıq. Eminlə ikimiz və bir neçə dağçı sürətlə başlayırıq və hiss olunur ki, fiziki cəhətdən daha yaxşı vəziyyətdəyik. Həm də gecəni Xınalıqda keçirmənin verdiyi yüksəkliyə öyrəşmə hissi (akklim) bizi daha gümrah hiss etməyə sövq edir. Yanımızdan axan çayın kənarındakı dar cığırla hərəkət edərək yolumuza davam edirik. Arabir çayın üzərindəki buzlaqları da müşahidə edirəm. Hələ də tam əriməyən və üstü torpağa çevrilən buzlaqlar buradakı mənzərəyə tamamilə fərqli bir aura qatır. Havanın günəşli və yürüş üçün uyğun olması əhval-ruhiyyəmizə də müsbət təsir göstərmişdi.

Ancaq eyni zamanda bilirdik ki, günortadan sonra praqnozda yağış göstərir və biz vaxtında baza kampa gedib çadırlarımızı qurmalıyıq. Yolüstü fasilə veririk və bir az sonra qrupun digər üzvləri də gəlir. Hamı istirahət etdikdən sonra yolumuza davam edirik. Daha sürətli addımlarla irəliləyir və irəlidə olan 3-4 nəfərlik qrup olaraq gəlib düşərgəyə çatırıq.

Göyün üzündəki buludlardan hiss olunur ki, yağış uzaqda deyil. Ona görə tezliklə çadırlarımızı qurmağa başlayırıq. Bir az keçmiş göy guruldayır və yağış başlayır. Qrupun əsas hissəsi hələ gəlib çatmamışdı. İçimizdə bir narahatlıq yaranır ki, yağışda çox islana bilərlər. Ancaq tezliklə gəlib çatırlar və onlar da çadırları qurmağa başlayırlar. Az sonra hər kəs öz çadırına çəkilir və çadırlardan deyib-gülmək səsləri gəlir. Hiss olunur ki, hamını kefi yerindədir. Biz də öz çadırımızda sobanı yandırıb yaxınlıqdakı çaydan götürdüyümüz su ilə çay qaynadırıq. Çadırın içərisində çox gözəl bir ortam var. Belə ki, mənim ən çox sevdiyim təbiət hadisəsi olan yağış yağır, yenə də çox sevdiyim şeylərdən biri olan çadırın içərisindən çadıra düşən yağış damlalarının səsinə qulaq asıram. Bu çox gözəl bir hissdir. Bu anı yaşadığım üçün minnətdaram. Bu hisslər hamısı gözəl xatirələrdir. Həyatda özümə deviz elədiyim bir neçə şeydən biri odur ki, gərək xoşbəxt anı tapdın yaşayasan. Həmin andan zövq alasan. Başqa heç bir şeyi, heç bir problemi və s. fikirləşmədən. Onsuz da problemlər də olacaq, gözəl anlar da olacaq. Amma yaşadığın o an unikaldır və onun zövqünü gərək elə həmin an alasan. Mən də yaşadığım bu gözəl anın verdiyi sevinc hissləri ilə özümü 3250 metr yüksəklikdə olan düşərgəmizdə yüksəklik fərqinin verdiyi azacıq baş ağrısına baxmayaraq yaxşı hiss edirdim.

Çay və yemək fasiləsindən sonra Eminlə düşərgədən aralı bir yüksəkliyə akklimatizasiya yürüşünə çıxdıq. Düşərgədə axşam daha yaxşı yata bilmək üçün daha yüksək bir əraziyə qalxıb orada zaman keçirdikdən sonra geri qayıtmağı planlaşdırmışdıq. Eyni zamanda planımızda Olimp zirvəsinin altındakı gölə getmək də vardı. Hətta mən sırf bunun üçün özümlə çimərlik şortikini də götürmüşdüm. Savalan zirvəsində Almaniyalı dağçı İqen-nin kraterə girib çimməsindən sonra mən də ondan ilhamlanıb yüksək zirvələr ətrafında olan göllərə girib çimməyə qərar vermişdim. Əvvəl bizə bir neçə qrup üzvü də qoşuldu sonra havanın tutulması səbəbindən onlar geri qayıtdı və biz ikimiz yola davam etdik.

Beləcə gedib bir müddət sonra gölə çatdıq. Ancaq burada təəccüblü bir mənzərə bizi gözləyirdi. Belə ki, Bazardüzü yürüşü zamanı yuxarıdan izlədiyimiz həmin böyük göl yoxa çıxmışdı və burada sadəcə bir neçə kvadrat metrlik balaca bir gölməçə qalmışdı. Təəssüf hiss keçirdim, çünki gölə girməyi planlaşdırmışdım. Amma qismətdən qaçmaq olmaz. Sonradan öyrəndiyimə görə göl ilin bu vaxtlarında çəkilirmiş. Eminlə bu yüksəklikdə bir az vaxt keçirdik və şəkillər çəkdirdik. Ətrafımızda zirvələr və digər tərəfimizdə yağışın dayanması ilə yaranan göy qurşağı mənzərəsi vardı. İlk dəfə idi ki, belə yüksək bir ərazidə göy qurşağını görürdüm. Bax sırf bu müşahidələri edə bilmək üçün tələsmədən zirvə yürüşünü etmək lazımdır. Mərhələ-mərhələ, ana kampda yetərincə vaxt keçirib və mümkün qədər bədəni yüksəkliyə öyrəşdirib daha sonra zirvəyə hərəkət etmək lazımdır. Artıq geri dönmək vaxtı idi. Yolumuzu bir az fərqli istiqamətdən saldıq və geri qayıdarkən Qəbələnin Laza kəndindən Qubaya keçid olan çay dərəsini və aşırımı müşahidə etdik. Deyilənə görə keçmişdə bu aşırım vasitəsilə rayonlar arasında insanlar atla gediş-gəliş edib.

Kampa qayıdıb sobaya çayı qaynamağa qoyuruq. Bu arada kampda gəzişir və qrup üzvləri ilə də söhbət edirik. Buradakı insanlar hər biri şəhər həyatında bir peşənin sahibi, bəziləri öz sahələrində mütəxəssis olan insanlardır. Bəziləri həkim, bəziləri mühəndis, bəziləri mühasib və s. Amma bu insanların ortaq həvəsi, onları bura çəkən sehrli hiss məhz dağlara olan istək və macəra hissidir. Andrey özü ilə gətirdiyi qazançada düyü ilə sup hazırlamağa başlamışdı. Deyəsən nəsə dadlı bir şey hazırlayırdı. Digər dostlar da hərəsi öz çadırında yemək hazırlayır, çay qaynadırdılar. Artıq axşam düşürdü. Çadırımızda həm söhbət edir, həm də çay içirdik. Gecənin qaranlığında çox adam Andreyin hazırladığı supun ətrafına yığışmışdı. Hər kəs bir qab supdan götürdü və ləzzətlə içdi. Düzdür mənə çatmadı amma hiss elədim ki, dadlı bir sup olub. Ümumiyyətlə belə bir yerdə hazır verilən belə bir sup lüks restoranın menyusundakı ən yaxşı yemək kimidir. Bundan artıq nə istəyəsən ki?

Qrup üzvlərindən Lalənin özü ilə gətirdiyi çadır görünür ki, buradakı hava şəraitinə uyğun deyildi və o artıq üşüdüyü üçün biz Eminlə birlikdə çadırımızı onunla bölüşməyə qərar verdik. Ümumiyyətlə orada ən böyük çadır da elə bizimki idi. Dağda insanlar gərək bir-birinə dəstək olsun. Burada paylaşma, bir-birinə kömək önəmlidir. Bunlar önəmli dəyərlərdir, bəzən bu dəyərləri sivilizasiyada qazanıb buralarda tətbiq edirsən, bəzən isə elə buralarda bu dəyərlərə yiyələnirsən. Dağda gərək mənfi hisslərdən arınıb təmizlənəsən. Burada mənfi yox ülvi hisslərə, müsbət emosiyalara ehtiyac var. Dağ həm də bir tərbiyəçidir. Burada insan özünü yetişdirmə imkanı əldə edir. Bu bir az da insanın özündən asılıdır. Əgər qarşı gəlməsən, özünü gedişata buraxsan doğru şəkildə tərbiyələnə bilərsən, yox əgər eqo hisslərin ön plana çıxsa, şəxsi mənafeyin ön planda qalsa və sən özünü dəyişdirməyə cəhd etməsən onda dağ da sənin üçün heç nə edə bilməyəcək. Dağların insan xarakterində xüsusi bir rolu var. Əsas da ona görə ki, burada insan fiziki və psixoloji çətin və gərgin anlar keçirir. Belə anlarda insanın real hiss və düşüncələri ortaya çıxır. Bu daxili aləmi təmizləmək və istədiyin istiqamətdə yeniləmək üçün yaxşı anlardır. Bundan istifadə edə bilən insanlar üçün dağ əvəzolunmaz bir terapiya məkanıdır.

Yatmaq zamanı gəlib çatmışdı. Yuxu tulumlarımızı çıxartdıq. Çantalarımızı yüngül və daha az yüklə qaydasına saldıq ki, səhər tezdən çox iş qalmasın və tez hazırlaşıb yürüşə başlaya bilək. Beləcə yerimizə uzandıq amma təzyiq hələ də yetərincə var idi və bu heç cür yatmağa imkan vermirdi. Bir az söhbətləşərək başımı qatmağa çalışdım. Sonra isə bir təhər də olsa özümü yatmağa məcbur elədim.

Gecə bir neçə dəfə oyandım və özümü yenidən yatmağa məcbur etdim. Beləcə fasilələlərlə bir az yuxu aldım. Səhər tezdən oyandım. Ətrafa qulaq asanda digər çadırlardan da səslər gəldiyini eşitdim. Hələ ki, heç kəs çölə çıxmamışdı amma artıq oyananların səsləri gəlirdi. Mən də öz çadırımızdakıları səslədim. Özüm də yavaşca qalxıb yerimdə oturdum. Hava soyuq idi. Amma bir təhər qalxmaq lazım idi. Öncə çadırın mətbəx hissəsini açıb sobaya suyu qoydum ki, qaynasın. Fanarı yandırdım və dostları da oyatmağa çalışdım. Daha sonra ayaqqabımı geyindim və çölə çıxdım. Soyuq hava var idi. Hər şey bir kənara baş ağrısı hələ də davam edirdi. Başı qaldırıb aşağı endirdikcə daha da çox hiss olunurdu. Yavaş-yavaş digər çadırdakılar da oyanmağa başladılar. Səhər yeməyini yedik. İştahın olmasa da gərək yeyəsən. Yetərli qida lazım olan enerjini almaq üçün önəmlidir. Əgər iştahsızlıq səbəbindən yeməsən azalan enerji yüksəkliyə qalxarkən bədənində özünü daha çox hiss etdirəcək. Elə biləcəksən ki, bu yorğunluq, bu halsızlıq ancaq kənar amillər səbəbindəndir amma əslində yetərli səviyyədə almadığın qida da burada başlıca rol oynayır.

Hər kəs yeməyini yeyib hazır olduqdan sonra gecənin qaranlığında baş fanarları ilə hərəkətə başladıq.

Kampdan başlayan kimi çayı keçməli olduq. Ancaq çayda su sürətlə axırdı və dar hissə az idi. Ona görə ən uyğun hesab etdiyimiz bir yeri tapıb oradan keçdik. Bir neçə nəfərin ayağı sürüşdü və suya girdilər. Amma deyəsən ayaqqabıları sadəcə çöl tərəfdən islanmışdı. Beləcə hamı keçdikdən sonra yürüşə başladıq. Mən ən öndə getməyə başladım. Firuzun göstərişinə əsasən istiqamət götürüb getməyə başladım və arxamca da qrupun digər üzvləri gəlməyə başladılar. Yürüş başlayan kimi yetərli sürəti yığaraq hərəkət etməyim, qrupun ən önündə getməyim, bunlar mənim üçün idmançı kimi əldə edilmiş böyük bir uğur hesab edilə bilər. Çünki hardan hara gəldiyimi mən daha yaxşı bilirəm və özümü dağçılığın ilkin mərhələləri ilə müqayisə etdiyim zaman görürəm ki, həm fiziki, həm də psixoloji olaraq xeyli irəliləmişəm. Sevindirici olan başqa bir məqam da odur ki, mən bu mərhələyə zamanla, öyrəşərək gəlib çıxmışam. Məsələn, bu gün qısa zamanda daha çox zirvəyə də çıxa bilərəm amma düşünürəm ki, bunun üçün hələ tezdir. Məsələn bunu fiziki olaraq etsəm də bilirəm ki, psixoloji olaraq o qədər də zövq almayacam. Elə isə bunu indi etməyin mənim üçün mənası yoxdur. Çünki dağı sevmək və uzun müddətdə bu idman növü ilə məşğul olmaq istəyirəmsə deməli tələsməyə heç bir gərək yoxdur. İndi hiss edirəm ki, mən dağdan daha çox zövq alıram və artıq burada yaşadığım hissləri daha çox kontrol edə bilirəm. Bu müəyyən yetişkənliyə gəlib çıxdığımı göstərir. Deməli doğru yoldayam və belə də irəliləməliyəm. Bir gün bu yol məni Everestə aparacaqsa məhz bu şəkildə getməli olduğum bir gerçəklikdir.

Qısa fasilələr verərək yoluma irəliləyirəm və arxamda 5 nəfərlik qrup gəlir. Qrupun qalan hissəsi zəif sürətlə hərəkət edir və artıq xeyli geridə qalıblar. Onlar Firuzla gəlirlər ona görə onları gözləməyimizə ehtiyac yoxdur. Biz görünən istiqamət üzrə hərəkət edirik. Təxminən 3850 metrə qədər gəlib çıxırıq. Bu hissədən sonra mən Firuzun dediyi kimi sağa istiqamətlənmək istəsəm də aramızdakı ən təcrübəli dağçı İsmayıl sola istiqamət götürməli olduğumuzu dedi. Bu fərqli bir marşrut idi və bir az sonra biz daha dik bir yamaca qalxmağa başladıq. Bu bizi müəyyən qədər yormağa başladı amma davam etdik. Qalxdığımız sırtda qarşımızda görünən mənzərə maraqlı idi. Belə ki, qarşımızda daha bir dik və hündür yamac var idi. Elə görünür ki, tam doğru marşrutu seçməmişdik. Amma artıq gəlmişdik və bu marşrut üzrə davam etməli idik. Bu bir az psixoloji olaraq motivasiyamızı aşağı salan bir an oldu. Düşündük ki, boş yerə çətin bir marşrutla qalxmışıq və daha rahat bir yolla da gedə bilərdik. Bir az götür qoy etdikdən sonra olduğumuz sırtı enib qarşıdakı dik yamaca qalxmağa qərar verdik. Beləcə yolumuza davam etdik. Bu hissələrdə hərəkət etmək daha çətin idi. Çünki meyllilik çox, torpaq isə sürüşkən idi. Qalxdıqca ayaq altında daşlar sürüşürdü və daha çox güc sərf etməyimizə səbəb olurdu. Amma sadəcə irəliyə baxırdıq və sadəcə olaraq qalxmağa çalışırdıq. Belə anlarda ancaq irəliyə baxaraq qalxmaq lazımdır. Geriyə baxmaq olmaz və aşağı barədə düşünməməlisən. Çünki bu anlarda səni aparan sadəcə fiziki güc yox həm də iradədir. İradəni hədəfə fokuslamalı və beləcə davam etməlisən. O vaxta qədər ki, sən hədəfinə çatırsan. Beləcə davam etdik və böyük qardan ibarət bir yamaca daxil olduq.

Bu hissələrdə artıq qrupun önündə Emin getməyə başladı. İstidən qar yumşaldığı üçün basaraq izlər açıb gedə bilirdik. Ancaq səhər tezdən bu yolla sadəcə dağ ayaqqabısı ilə getmək olmazdı. Burada mütləq krampon lazım olacaqdı. Biz də bunu götürməmişdik. Deməli bura ilə hərəkət etmə şansımız olmayacaqdı. Beləcə yolumuza davam etdik. Solumuzda isə geniş və meylli bir dərə var idi. Biz isə bu meylli yamacda izlər açaraq irəliləyirdik. Qarlı hisə qurtardıqdan sonra yenidən daş və torpaqdan ibarət bir yamaca qalxdıq. Bura ilə hərəkət etmək də çətin idi. Çünki bu hissədə meyllilik yetərincə çox idi və hər addımda sürüşüb dala qayıdırdıq. Bir təhər gücümüzü topladıq və yamacı qalxdıq. Tam yuxarı qalxdıq və budur biz artıq sırt-dayıq.

Buradan dağın digər tərəfi, digər zirvələr və uzaqda Qəbələ rayonu və s. görünür. Bir neçə şəkil çəkib yolumuza davam etdik. Bu hissədə enerji xeyli azalmışdı və zəif addımlarla irəliləməyə başladım. Düzdür daha sürətlə də hərəkət edə bilərdim amma məncə buna gərək yox idi. Artıq zirvəyə az qalmışdı və bədənimi daha çox yormaq səbəbsiz idi. Beləcə aram-aram addımlarla sırt ilə hərəkət etməyə başladıq. Bir az keçmişdi qarşıda Eminin səsi gəldi. Bildim ki, zirvəyə çatıb. Hədəfimizə çatmışdıq artıq. Bu gözəl bir hiss idi. Addımlarımı bir az da sürətləndirdim və zirvəyə gəlib çatdım. Zirvə çox çətin bir hissədə idi. Belə ki burada bir-neçə nəfər yan-yana dayanmaqda çətinlik çəkirdi. Hər tərəf sərt meylli yamacalar idi və yıxılmaq təhlükəsi vardı. Ona görə ehtiyyatla hərəkət etmək lazım idi. Hər zamankı kimi, bayraqlarla şəkillərimizi çəkdirdik.

Etiraf etməliyəm ki, şəkil çəkdirmək bizə xüsusi zövq verir və əgər bura kimi gəlib çıxmışıqsa buradan gözəl bir şəkil çəkdirməliyəm deməli. Zirvədə dayanmaq təhlükəli olduğundan digər dostlara çəkil çəkdirdikdən sonra çox gözləməməyi və daha təhlükəsiz hissəyə doğru geri qayıtmağı məsləhət gördüm. Bir az sonra İsmayılla birlikdə qrupun digər bir üzvü də gəldi və ilk altı nəfərlik qrupun hamısı zirvəyə gəlib çatdı. Onlar da şəkil çəkdikdən sonra geriyə qayıtmağa başladıq. Artıq zirvəyə çatmağın sevinci var idi içimizdə. Amma yorğunluq da təbii ki, bədənimizdə hiss olunurdu. Qalan enerjimizdən qənaətlə istifadə edib baza kampa kimi qayıtmalı idik. Beləcə gəldiyimiz cığırla qayıtmağa başladıq. Qarlı böyük yamacdan keçəndə bu dəfə cığırı daha aşağıdan götürdük ki, yüksəkliyi daha tez itirə bilək. Bir az irəlilədikdən sonra uzaqdan yamacın digər girişində qrupumuzun qalan hissəsini gördük. Onlar tam halda zirvəyə doğru hərəkət edirdilər. Bu bizi sevindirdi. Çünki hamı bura bir məqsədlə gəlmişdi və hər kəs fiziki və psixoloji çətinlik çəkərək irəliləyirdi. Bunun qarşılığında zirvəyə çatmaq hamının haqqı idi. Bizdə şübhə var idi ki, birdən kimlərsə zirvəyə gəlib çata bilməz. Amma şükürlər ki, Firuz qrupu daha rahat marşrutla gətirə bilmişdi və onlar artıq zirvəyə doğru hərəkət edirdilər. Uzaqdan onlara salam verib yolumuza davam elədik. Getdikcə daha çox yüksəklik itirir və zirvədən uzaqlaşırdıq. Dağdan enərkən baza kampa çatmaq təbii olaraq daha az vaxt tələb edir. Ancaq bu da yorucu bir prosesdir, çünki zirvəyə qalxmanın verdiyi yorğunluqla hərəkət edirsən. Mən düşərkən bir az daha az sürətlə və eyni templə, dayanmadan hərəkət etməyə qərar verdim. Bir qrup üzvü də məni müşayiət etdi və beləcə demək olar ki, yorulmadan baza kampa tərəf enməyə başladıq.

Təxminən 1-2 saat arası enişdən sonra kampa gəlib çatdıq. Zirvəyə qalxan qrupla aramızda xeyli zaman fərqli yaranmışdı. İlk dəfə idi ki, zirvədən kampa belə tez gəlib çatırdım və dinlənmək üçün xeyli vaxtımız vardı. Saat təxminən günorta 1 –in yarısı idi. Bir az çadırda uzandıq. Təzyiq fərqindən üzümüz sanki yanırdı. Bir az dincəldikdən sonra çay qoyduq və yemək hazırladıq. Geriyə qayıdanda rahat qayıda bilmək üçün həm istirahət etməli, həm də lazım olan enerjini almaq üçün qida qəbul etməli idik. Qrupun qalan hissəsi geri qayıdana qədər yetərincə istirahət etdik. Çay içdik, qida qəbul etdik, meyvə yedik. Düzdür bu bədənimdəki yorğunluğu tam apara bilməmişdi. Amma bilirdim ki, tam aşağıya enməmiş bu yorğunluq getməyəcək. Yavaş-yavaş əşyalarımızı toplamağa və çantamızı yığmağa başladıq. Bir az sonra qrupun qalan hissəsi də baza kampa gəlib çatdı. Onlarla qarşılıqlı olaraq bir-birimizi təbrik etdik. Gözəl duyğular idi. Hər kəs yorğun olsa da, hamı xoşbəxt görünürdü. Hamı zirvəyə çatmış və uğurla baza kampa geri qayıtmışdılar. Qrupun qalan hissəsi də istirahət etməyə başladı. Bu əsnada kampda əlavə çadırların olduğunu müşahidə etdik. İlk kampa qayıtdığımızda fikir verməmişdim. Bir az sonra səbəbkarlar da gəlib çatdı. Bu qrup daha uzun müddətə bir çox zirvəyə qalxmaq məqsədi ilə gəlmişdi. Hətta aralarında yaşlı olduğu hiss olunan bir kişinin fiziki cəhətdən yetərincə əla vəziyyətdə görünməsi məni xeyli təəccübləndirdi. Bəlkə də 55 və ya 60 yaşın üzərində olardı. Amma yaşıdları sivilizasiyada çətin hərəkət etdikləri halda o belə yüksək bir dağ massivində, həm də uzun müddətli bir ekspedisiyada iştirak edirdi və hiss olunurdu ki, həm də rəhbərdir. Onlarla salamlaşıb artıq qalan qidalarımızı da onlara verdik və yığışıb geriyə qayıtmağa başladıq. Yenə qarşıda daha bir qrup üzvü ilə sürətlə hərəkət edib qısa zamanda gəlib Bazardüzünün 1-ci kampına çatdıq. Bura həmin yer idi ki, biz qaz 66 ilə gəlib düşmüş və piyada yolumuza davam etmişdik. Düşərgə ərazisinə çatdıqda maşının bizi gözlədiyini gördük. Hələ arxadan gələn qrupun çatmağına xeyli vardı. Ona görə maşında oturub gözləməyə başladıq və bu müddət ərzində sürücü ilə xeyli söhbət etdik. Bir müddət sonra qrupun qalan hissəsi də gəlib çatdı və bütün yüklər maşına yığıldıqdan sonra geriyə Xınalıq kəndinə qayıtmağa başladıq. Daha bir neçə saatlıq avtomobillə hərəkət etdikdən sonra Xınalığa gəlib çatdıq. 1-ci gecəni keçirdyimiz qonaq evində həm əşyalarımız toplamağa başladıq, həm də çay içib istirahət etməyə çalışdıq. Düzü bu yorğunluqda samovar çayının yeri tam başqa idi. Bir az da söhbətləşdik. Amma artıq qayıtmaq vaxtı idi. Beləcə yığışıb gəldiyimiz maşınlarla yola düşdük. Xınalıq kəndinin içərisindən keçib ara yollarla digər kəndlərin içərisi ilə yolumuza davam etdik. Getdikcə Xınalıq və dağlar daha da arxada qalırdı. Bir səyahətin, bir macəranın da sonuna belə gəlmişdik amma xatirələrdə daha çox şeylər var idi və biz bu yürüşü hələ çox xatırlayacağıq..

LEAVE A COMMENT