Savalana 3 nəfər

Düşünün tarixi torpaqlarınızın böyük bir hissəsi başqa bir ölkəyə məxsusdur. Uşaqlıqdan tarix kitablarından öyrəndikləriniz, baş vermis bir çox tarixi hadisələr, tarixi qəhrəmanlar və s. Bunlar hamısı məhz bu böyük hissə ilə bağlıdır. Burada yaşayan insanlar da sizdəndir, sizin özünüzdür.

Biz eyni millətik, eyni dili danışırıq, eyni mədəniyyətə sahibik. Biz eyni ananın övladlarıyıq. Səməd Vurğun demişkən, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan.

Bu dəfəki səyahət məhz ikiyə bölünmüş vətənin digər hissəsinə tərəfdir. Bu dəfə bizi yollara düşürən səbəb gözəl Savalan dağıdır. Amma içərimdən az da olsa bir narahatlıq var. Axı Cənubi Azərbaycan illərdir İran İslam Respublikasının tərkibinə daxildir və şəriət qanunları ilə idarə edilir. Mediadan eşitdiyimiz, gördüyümüz bəzi xəbərlər burada sərt qanunların və cəza metodlarının olmasını bildirir. Biz dağçıyıq və hər hansı bir ölkəyə getməyimizdən asılı olmayaraq bizə yanaşma bir mənalı olmalıdır və biz idmançı kimi qarşılanmalıyıq. Yenə də ilk dəfə bu ölkəyə gəlmənin verdiyi qeyri-müəyyənlik və tərəddüd insanı şübhəyə salır. Bəlkə elə deyil, sonra nəsə səhv edərik və s. kimi düşüncələrlə özümü avtovağzalda tapdım. 3 nəfər dağçı iri bel çantalarımızla birlikdə Azərbaycan-İran sərhəddinə getmək üçün taksi axtarırdıq. Cənubda iki sərhəd məntəqəmiz var, biri Astarada, digəri Biləsuvarda. Biz daha qısa olan Biləsuvar məntəqəsinə gedib oradan ikinci vətənə keçməyi planlaşdırırdıq. Rusif daha təcrübəli dağçıdır. O Azərbaycanın ən ucqar kəndlərindən olan Xınalıqda böyüyüb. Zirvələr onun üçün daha rahatdır. Düşünün ki, biz normal vaxtlarda dəniz səviyyəsindən də aşağıda yaşadığımız halda o təxminən 2300 metr dəniz səviyyəsindən yüksəkdə olan bu kənddə yaşayır. 4000 metrdən yüksək olan bir çox zirvələrə gedən yol da məhz Xınalıq kəndindən keçir. Rusif bəlkə də bu istiqamətdən getdiyi zirvələrin sayını unudub. Bildiyim qədər təkcə Bazardüzünə dəfələrlə qalxıb. Ancaq bununla yanaşı aramızda Cənubi Azərbaycanda zirvə təcrübəsi olan yeganə şəxs də odur. Rusif daha öncə Savalana iki dəfə qalxıb. Bu onun üçüncü səfəridir. Ona görə daha arxayın şəkildə səyahətimizin keçəcəyinə inanırıq. Emin daha öncə İranda olub amma bu daha çox səyahət məqsədli olub. Bu onun zirvə üçün getdiyi ilk xarici səyahətidir. Mənim üçün isə ümumiyyətlə bu ölkəyə birinci səfərdir. Mən daha çox həyəcanlıyam. Getdiyim hər yeri doyunca görmək, kəşf etmək istəyirəm. Səyahət arzu və istəyi mənim bitib tükənməyəcək mənəvi ehtiyaclarımdan ən öndə gələnidir bəlkə də.

Dağçılığa minnətdar olma səbəblərimdən birisi də məni səyahət etməyə məcbur etməsidir. Beləcə mən tənbəlliyimdən əl çəkib yeni yerləri kəşf etmək üçün bir səbəb tapmışam. Amma onu da bilirəm ki, mən sadəcə digər şəhərlərə səyahət edənlərdən daha şanslıyam. Çünki onların bəlkə də əksəriyyətinin görə bilməyəcəyi yerləri görürəm. Zirvələrə qalxırıq, təbiətdə əsrarəngiz marşrutlarda səyahət edirik. Fiziki cəhətdən çətin və mübarizə dolu anlar yaşayırıq. Daha sonra hədəfə çatmağın və idmançı kimi nailiyyətə sahib olmağın verdiyi qürur hissini bütün qəlbimizlə hiss edirik.

Əslində taksidə 4 nəfər olmalıdır ki, hərəkətə başlayaq. Amma biz yolu rahat getmək və bizi gözləyən fiziki yorğunluq öncəsi özümüzü daha da yormaq istəmirik. Bu səbəbdən ümumi ödənişi edib 3 nəfər yola düşürük. Səyahət avtovağzaldan başlayır və biz daha bir macəranın arxasında yollara düşürük. Maşın magistralda şütüdükcə gözlərimlə yoldakı maşınları, səmanı və yanından ötüb keçdiyimiz nəsnələri izləyir, fikrimdə isə səyahətimizi, gələcək məqsədləri və s. xəyal edirəm. Allahın insanlara bəxş etdiyi ən gözəl şey bəlkə də xəyal etməkdir. Çünki bu qarşılıqsız insanlara bəxş olunub. Sadəcə uyğun zaman və şəraitdə xəyal qurmaq və xoşbəxtlik hissini dadmaq lazımdır.

Əslində nə az nə çox 1 həftə öncə işimdən ayrılmışam və hal-hazırda həyat xərclərimi qarşılayacaq bir işim yoxdur. Bəlkə gülməli gələ bilər amma işdən çıxarkən aldığım son maaşı da götürüb gedirəm bu sirlərlə dolu yeni ölkəyə. İş hər zaman olar amma mənim bu səyahətimdə yaşacağım xatirələr yaşanmadığı halda bir daha olmaya bilər. Ona görə fürsət var imişkən getmək lazımdır. Bəzən özündən, bəzən səni özünə tərəf çəkən müəmmalara doğru. Bəzən sevdiklərindən, bəzən isə səni sevdiklərinə daha da yaxınlaşdıran bilinməzlərə doğru.

Səhər saatlarında sərhədə çatırıq. Hələ çox erkən olduğu üçün sərhəd keçid məntəqəsinə yaxın bir kafedə otururuq. Təbii ki, açıq havada ölkəmizdə edilməzsə edilməz fəaliyyət olan çay sifariş edirik. Təmiz havanı ciyərlərimə çəkərək, çayımdan bir qurtum alıram və ətrafdakı insanları müşahidə edirəm. Görüntüdən əksəriyyətinin hansısa məcburiyyətdən doğan səbəbdən sərhədi keçməyə gəldiyi hiss olunur. Üzlərdə yetərincə gülümsəmə görə bilmirəm. Bu qaşqabaqlı insanların olduğu ölkə stereotipini daha da gücləndirir və digər tərəfdə də eyni cür insanlarla üzləşəcəyim hissi yaradır məndə. Bu anda iki qadın görünür gözümə. Onlar bir az açıq deyə biləcəyimiz geyimlərdədirlər. Ancaq bir anda büründükləri şal onları şəriət qaydalarına uyğun formaya bürüyür. Artıq onlar gedəcəyimiz ölkənin tələblərini qarşılayırlar. Əsas zahirən görünən deyilmi?.

Geyimimizdən dolayı bizimlə maraqlanan bir zabitlə səmimi söhbət edirik. Dağa qalxmaq üçün getdiyimizi eşidən və təbrik edərcəsinə reaksiya verən bir çox insan kimi o da bizi hörmətlə qarşılayır. Sonda isə Azərbaycan bayrağı fonunda birgə şəkil çəkdiririk. Hava artıq yetərincə işıqlaşıb və getmək vaxtı gəlib çatıb.

Çantalarımızı qaydasına salıb yavaş addımlarla sərhəd məntəqəsinə doğru getməyə başlayırıq. Yaxınlaşdıqca orada uzanan bir növbəni görürük. Daha çox orta yaşlı qadınlar və az sayda kişi və uşaq gözümüzə sataşır. Bizi gördükləri zaman təəccüblü baxışlarını görməmək mümkün deyil. Hiss olunur ki, bu sərhəd məntəqəsindən hər deyən dağ üçün gəlib keçən olmur. Bəziləri hətta bizi sorğu suala tuturlar. Çantamın yanından sallanan kaskanı görüb nə olduğunu soruşanlar, bir-birinə bizim alpinist olduğumuzu deyənlər, bizə qürurla baxıb hörmətlə yanaşanlar və s. Hər cür insan görmək mümkündür burada. Bir az sonra isə məni xeyli təəccübə salan bir şey baş verir. İnsanlar bir-birinə alpinistlərə yol verin deyir və beləcə bizi uzun növbəni yararaq ən qabağa salırlar. Beləcə sırada uzun müddət gözləmək məcburiyyətindən xilas oluruq. Ürəyimdə insanlarımızın saf və qayğıkeş münasibətinə görə duyğulanıram. Onlara təşəkkür edir və çantalarımızı baxışdan keçirmək üçün məntəqəyə daxil oluruq.

Hər üçümüzün qeydiyyatı bitdikdən sonra digər tərəfdəki yoxlama məntəqəsinə üz tuturuq. İçəriyə daxil olarkən İrana məxsus tərz və divarda yazılan və bəzi şeylərin haram olduğu yazısı diqqətimi çəkir. Ancaq gözləntimin əksinə mehriban münasibət görürük və qısa müddətdə yoxlanışı bitirib çölə çıxırıq. Bizi ilk qarşılayan və üstümüzə gələnlər taksi sürücüləri olur. Turistik məqsədlə gəldiyimizi görənlərin bəziləri çox yüksək qiymətlə bizi aparmağı təklif edirlər. Rusif və Eminin daha öncə burada olması bizim qiymətlərdə aldanmamağımıza kömək edir. Bir taksi sürücüsü ilə anlaşıb yüklərimizi maşına qoyuruq və beləcə tozlu və boz küçələrlə Cənubi Azərbaycan (İran) səyahətimiz başlayır. Yaşıllıqlarla dolu bir ölkədən gələn insanlar kimi burada xeyli quru ərazilər, inkişafdan qalan və Suriya kimi ölkələrdən bildiyimiz bəzəksiz, rəngsiz binalar, yollarda iri plakatlar üzərində şəhidlər barədə şəkillər və farsca məlumatlar diqqətimizi cəlb edir. Bir də burada maşını yüksək sürətlə sürürlər. Amma qəbul etməliyəm ki, yolları bizim bir çox yollarımızdan daha yaxşıdır. Geridə qalmış təəssüratı bağışlayan bu yeni ölkədə hələ ki, müsbət hesab etdiyim tək şey yollardır. Yolüstü çayxana deyilən yerdə fasilə veririk. Buradakı şəraiti görəndə qurban olaram çayxanalarımıza deyirəm ürəyimdə. Şəraitsizlik, insanların səliqəsiz və pərakəndə hərəkəti, oturacaqların azlığı, xidmətin az qala olmaması və s. məni doğma Şəkimdəki çayxanaları düşünüb şükr eləməyə sövq edir. Amma heç nə mənim kefimi poza bilməz. Mən gördüyüm hər şeydən zövq alıram. Çünki yeni bir ölkə, yeni bir cəmiyyət və hər addımda fərqli şəkillər görürəm.

Yolumuza davam edirik və Parsabad şəhərinə gəlib çatırıq. Bu şəhər səliqəsiz binalardan boz rəngdən ibarət sıxıcı mühiti ilə bütün həvəsimə baxmayaraq məndə maraq oyatmır. Yenə də təəccüblü baxışlarla bu boz şəhərin küçələrini və insanlarını süzürəm. Bizi Parsabadda cənublu dostlar Eynulla və Əkbər qarşılayır. Onlar da dağ həvəskarıdırlar. Bildiyim qədər Eynulla özü dəfələrlə Savalan dağına qalxıb.

Parsabad şəhəri, nahar öncəsi dostlarla

Bu anda dostlar məni yeməyə çağırırlar. Bura gələndən ən çox istədiyim şeylərdən biri yerli mətbəxi dadmaqdır. Ancaq təəssüf ki, təklif edilən ən yaxşı yeməyin kabab olduğunu görüb razılaşıram. Şadlıq sarayındakı masalara oxşar stollarla dolu zalda çox ucuz qiymətə yetərincə yemək yeyib özümüzü böyük bir fiziki yorğunluq öncəsində enerji ilə yükləyirik. Nə qədər zirvə təcrübələrim olmuş olsa da Savalanın mənim üçün ilk 4000 metrdən yüksək zirvə olması, hansısa səbəbdən qalxa bilməməyin verdiyi narahatlıq az da olsa içimdə var. Ancaq bununla yanaşı bu dağı səbirsizliklə görməyə çalışıram və bunun üçün tələsirəm.

Bizi gətirən maşına minib yola düşürük. Maşın dolama yollarla hərəkət edir və tədricən yüksək ərazilərə doğru hərəkət edir. Havanın temperaturunun düşməyini artıq hiss edirik. Maşında qulaq batırıcı bir muğamata bənzər toy mahnısı var. Deyəsən belə yüksək desibeldə, mənim zövqsüz hesab etdiyim mahnılara qulaq asmaqdan xoşları gəlir. Ancaq bu mənim üçün işkəngə kimi bir şeydir. Yenə də fikrimi yanından ötüb keçdiyimiz ərazilərə baxmaqla dağıdıram. Bir az yaşıllıq deyə biləcəyimiz yerlərdən keçirik. İçərisindən keçdiyimiz bir qəsəbədə sürücü maşını saxlayır. Burada bir az bazarlıq etmək istəyirik. Bir də Rusif əlcək almaq istəyir. Ona görə düşürük və mağazalara baxırıq. Girdiyim ərzaq dükanında su və dondurma alıram. İnanmazsız amma aldığım dəmir qabdakı sulardan birini bu yaxınlara qədər soyuducuda saxlayırdım. Sonra xarab olma ehtimalını düşünüb birdən kimsə götürüb içməsin deyə tulladım.

Getdikcə fərqinə vardığım bir gerçəklik sanki itmiş dərk etmə hissimi geri gətirirdi. Biz artıq xeyli vaxt idi ki, başqa bir ölkədə idik. Ancaq burada ünsiyyətdə olduğumuz insanlar bizimlə eyni dildə danışır, bizimlə oxşar yemək mədəniyyətləri var, hətta maşında Azərbaycan dilində mahnılar eşidirəm. İndi başa düşürəm ki, mən fərqli bir ölkədə yox əslində vətənin ikinci yarısındayam. İndi tarixi hadisələr gözümün önündə daha yaxşı canlanır. Eyni vətənin ikiyə bölünməsi həqiqətini indi daha bir acı xatirə ilə yad edirəm. İllər öncə oxuduğum B. Vahabzadəyə məxsus Gülüstan poemasını xatırlayıram. Orada şair Gülüstan müqaviləsi ilə Azərbaycanı iki hissəyə bölən Rusiya və İran barəsində belə deyirdi:

İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.

Əyləşib kənarda topsaqqal ağa,
Hərdən mütərcimə suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yellədib təsbeh çevirir.
Qoyulan sərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə…
Tərəflər kim idi? Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!

Qoy qalxsın ayağa ruhu Tomrisin,
Babəkin qılıncı parlasın yenə.
Onlar bu şərtlərə sözünü desin,
Zənciri kim vurdu şir biləyinə?

Qoy əysin başını vüqarlı dağlar,
Matəmi başlandı böyük bir elin.
Mərsiyə söyləsin axar bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!..

Tərəflər sakitdir, qəzəbli deyil,
Məhv olan qoy olsun, onlara nə var.
İmzalar atılır bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.

Atıb imzasını hər kəs varağa,
əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir biri-birinə.

Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?

Arazın suları qəzəbli, daşqın,
Sirin nəğmələri ahdır, haraydır.
Vətən quşa bənzər, qanadlarının
Biri bu taydırsa, biri o taydır.

Bu poemanın mənim üçün daha özəl bir yeri var. Çünki ilk dəfə bu peomanı sovet dövründə qoyulan qadağalara və represiv mühitə baxmayaraq babam Məhyəddin Abbasov Şəki Fəhləsi qəzetində çap etdirmişdi. Təbii ki, sonrasında babama və şairə ciddi təzyiqlər başlamışdı amma bunun da öhdəsindən gələ bilmişdilər.

Bu düşüncələrlə maşına əyləşib yolumuza davam edirik.

Uzaqdan Savalan dağının görüntüsü

Şabil deyilən yerə gəlib çatırıq. Bura Savalan dağının ətəyidir. Bura təkcə dağçılar yox həm də istirahət etmək məqsədi gələn insanlarla doludur. Şabildə yerdən qaynama su var və burada tikilən hamamda çimmək üçün insanlar bura gəlirlər. Bizim öncəlikli məqsədimiz dağa qalxmaq olduğuna görə vaxt itirmədən dağ maşınlarından biri ilə danışıb qiymətdə razılaşırıq və baza kamp hesab edilən dağ evinə doğru yola düşürük.

Maşın dağ yolu ilə tozu dumana qataraq irəliləyir. İçəridə elə də komfort vəziyyətində oturduğumuzu deyə bilmərəm. Maşının sərt manevrləri ilə özümüzü güclə bir yerdə saxlaya bilirik. Maşındakı buralara xas yüksək səsli musiqi, çöldəki toz-duman, bir əşya kimi maşında bir yerdən digər yerə sovrularaq getdiyimiz bir vəziyyətdə düşüncələr yenə beynimdə cərəyan edir. Fiziki cəhətdən elə də xoş olmayan bir vəziyyətdəyik amma ruhum bu andan zövq alır. Bəli, bu bir sevdadır, bu bir istəkdir ki, bizi kilometrlərlə uzaqdan bura gəlməyə sövq edib və biz bir hədəfin arxasınca irəliləyirik.   

Dağ maşını baza kampa gəlib çatdı. Maşın düşən kimi ilk dəfə şahid olduğum xoş bir mənzərə məni qarşıladı. Burada müxtəlif ölkələrdən dağçılar var idi. Təəccüblü səslənə bilər amma onların çoxu qərb ölkələrindən idi. Bəziləri gecələmək üçün dağ evini seçsə də digərləri çadırlarını dağ evinin çölünə qurmuşdu.

Təəccüblü və həyəcanlı baxışlarla onları süzə-süzə dağ evinin içərisinə, gecəni qalacağımız yerə daxil oldum. Bir növ balaca kazarmanı xatırladırdı. İki mərtəbəli yataqlardan ibarət bir yer idi. Divarda isə fars dilində yazılar var idi. Buradakı mühitin daha yaxşı anlaşılması üçün deyim ki, bura gələn dağçıların çoxu hiss olunurdu ki, maddi cəhətdən yetərli bir səviyyəyə sahib insanlar idi. Ancaq dağ, zirvə sevdası onları aşağılarda bəlkə heç vaxt qalmayacaqları bir yerdə qalmağa sövq etmişdi amma düzünü desəm heç birimiz bundan şikayət də etmirdik. Ümumiyyətlə zirvələrin baza kamplarında belə tikililərin olması nadir hallardandır və əgər belə bir imkan əldə etmişiksə buna sadəcə şükr etməliyik.

Çantalarımızdan əşyaları çıxarırıq və yatağımızı hazırlayırıq. Biz yuxarı mərtəbədəki yataqları seçirik. Yerimiz hazır olandan sonra çölə çıxır və dağçılarla söhbətə başlayırıq. Burada ümumi dil artıq İngilis dilidir. Yeni tanış olduğumuz cütlükdən cavan oğlanın yaxın müddətdə Himalayın yüksək zirvələrindən birinə olan ekspedisiyasını eşidib təəccüblənirik. Eyni zamanda bu məni həyəcanlandırır. Çünki birlikdə olduğumuz dağçılar böyük məqsədləri olan və ona çalışan insanlar idi.

Xarici dağçılar ilə

Hava açıq ikən Eminlə akklimatizasiya üçün müəyyən yüksəkliyə qalxıb enməyi düşünürük. Yol boyu irəlilədikcə akklimatizasiya üçün yürüş edən qərbli başqa bir qrupu görürük. Onların intizamı, disiplini düzünü desəm bizdə xüsusi maraq oyadır. Bəlkə bu disiplin səbəblidir ki, şərqdəki yüksək zirvələrə ilk çıxanlar da məhz qərblilər olub. Ümumiyyətlə düşünürəm ki, dağçılıqda ilk şərtlərdən birisi nizam-intizamdır. Çünki dağın öz qaydaları var və bu qaydalara əməl etmək mütləqdir. Əgər bir dağçı fiziki cəhətdən özünü yaxşı hazırlayıbsa və o həm də disiplinli hərəkət edirsə onda onun uğur qazanma ehtimalı xeyli yüksəkdir.

Artıq ana kampdan müəyyən yüksəklikdə bir əraziya gəlib çatırıq. Buradan bütün kamp daha aydın görünür. Uzaqda isə qürub edən günəş üfüqdə yavaş-yavaş yoxa çıxır. Qısa müddətdə bu yüksəkliyə gəlib çıxmağın yaratdığı təzyiq fərqindən yaranan baş ağrısını hiss edirəm. Həm də oksigenin müəyyən qədər azalması nəfəs almaqda müəyyən çətinlik yaradır. Məqsədim gecə mümkün qədər yata bilməkdir. Çünki zirvə yürüşünün nə qədər uğurlu olması, dağçının enerjisindən və yetərli yuxuya sahib olmasından çox asılıdır.

Gəldiyimiz bu yüksəklikdən Savalan dağına bir də yaxından tamaşa edirəm və Xaqani Şirvaninin misraları yada düşür:

Səadət qibləsi Savalan dağı,
Şərəfdə Kəbətək qazanıb şöhrət.

Kəbə yaşıl geyər, ağ bürünər o,
Çünki, ehram tutan geyər ağ xələt.

Qarının yekədir burnu, bu örtük,
O eybi örtməyə eləyir xidmət.

Dedim ki, çadranı üzündən götür,
Kim dedi qız kimi üzünü gizlət?

Dedi ki, dörd aydan sonra bir külək,
Qapanda çadramı, görünər surət.

Xaqani, gəl, onda bakir sözünlə,
Başına çadra sal, anandır, gizlət!

Biz məhz Savalanın çadrasını üzündən atıb simasını göstərdiyi vaxtda gəlmişik. Savalan bizimlə üz-üzə, bütün açıqlığı ilə görüşəcəkdi. Bunun həyəcanı məni daha da fərqli hisslərə bürüyürdü.

Dağ evinə qayıdıb şam yeməyi üçün gətirdiyimiz ərzaqlardan hazırlayıb yedik. Günəş yoxa çıxan kimi təbii olaraq temperatur düşməyə başladı və getdikcə xeyli soyudu. İndi artıq qalın paltarlarla dağ evinin içərisində dostlarla söhbət edirik. Burada həmsöhbət olduğumuz Almaniyadan gələn gənc bir dağçı İqen-lə tanış oluruq. İqen tibb sahəsində təhsil alır. Dağ, zirvə həvəsi onu bu qədər məsafəni qət edib bura gəlməyə sövq edib. Savalandan öncə isə İqen 5000 metrdən yüksək Dəmavənd dağına qalxıb. Qısa müddət ərzində bu onun ikinci zirvəsidir. Ümumiyyətlə belə insanları gördükdə insanın həyata olan motivasiyası, dağçılığa olan həvəsi daha da artır. Dağçılığa olan rəğbətimi artıran hadisələrdən biri də məhz Savalan dağının ana kampında müxtəlif millətlərdən olan insanlarla tanış olmağım oldu. Dağçılıq azarkeşi olmayan bir idman növüdür. Burada siz sizi dəstəkləyən insanlar tapa bilməyəcəksiz, amma siz burada yaxşı komanda yoldaşları tapacaqsınız. Zirvələrə gedən yolda bəzən dramatik anlar yaşana bilir. Bu anları yaşayan dağçılar ətrafındakı insanlara, komanda yoldaşlarına qarşı daha həssas olur. Dağçılar daha emosional olur qısa zaman ərazində acı və şirin duyğuları bir arada yaşayırlar.

Qəfil çöldə yaranan səs-küyə çölə çıxdıq. Ac qalan ayılardan biri baza kampımıza gəlibmiş.

Dağçılar maraqla ayının arxasınca gedib onun şəkillərini çəkməyə çalışırdılar. Bu qədər insanı bir arada görən ayı yəqin ki, vəziyyəti yadırğamışdı və çaşqın halda nə edəcəyini bilmirdi. Mənim üçün isə təbiətdə ilk dəfə ayını bu qədər yaxından görmək maraqlı bir hiss idi. İnsanların səs-küyü arasında ayı bir müddət sonra gözdən itdi. Biz də dağ evinə qayıdıb yatmağa hazırlıq görməyə başladıq.

Gecə 4-də oyandıq. Axşamdan hazırladığımız çantlarımızı da götürüb daha az əşya ilə, daha çox qida və yüngül geyimlərdən ibarət əşyalarla zirvəyə qalxmazdan öncə kampın çölündə yığıldıq. Hava qaranlıq olduğu üçün hamı baş fanarlarını taxmışdı. Hər kəs toplandıqdan sonra yürüşə başladıq. Zirvə öncəsi gecə hərəkətə başlamaq ona görə vacibdir ki, vaxt qazanasan və xüsusilə geri döndüyün zaman qaranlığa düşməyəsən. Çünki adətən zirvələrə getdiyin zaman qalxışda deyil, aşağı enərkən yorğunluq, havanın dəyişməsi, qaranlıq və s. səbəblərdən istənməyən qəzalar baş verə bilir.

Saat 4:30-da yürüşə başlarkən.

Bir neçə saatlıq yürüşdən sonra hava işıqlaşmağa başladı. Uzaqda görünən günəşin şüaları qarşımızda görünən dağları və dərələri fərqli bir gözəlliyə bürüdü. İndi olduğumuz yüksəkliyin və ərazisinin daha yaxşı fərqinə varmağa başladıq. Bir az fasilədən sonra yolumuza davam elədik. Burada gördüyüm yeniliklərdən daha birisi zirvəyə doğru olan məsafənin rəqəmlərlə bölgüsü idi. Belə ki, azalma sırası ilə gedən rəqəmlər müəyyən məsafədən bir qoyulmaqla zirvəyə nə qədər yaxınlaşmağımızı göstərirdi. Məncə bu maraqlı bir nişanlanmadır, həm də ki, cığırı itirmədən zirvəyə qalxmağa kömək edir.

Daha bir neçə saatlıq yürüşdən sonra artıq hava xeyli açılmışdı və günəş artıq Savalan dağını bütün parlaqlığı ilə işıqlandırırdı.

Müxtəlif qruplar zirvəyə doğru hərəkət etməkdə idilər. Bizdən öncə qalxan və bizim arxamızca aşağıdan gələn qruplar var idi. Təxminən 4000 metr yükəskliyində oksigen azlığı baş ağrısını və təngnəfəsliyi artırdı. Eynullanın məsləhəti ilə fasilə zamanı yerdə uzanıb ayaqlarımızı yuxarı istiqamətdə bir daşın üzərinə qoyduq. Bu beyinə oksigenin daha çox getməsinə kömək edirdi. Az da olsa işə yarayana oxşayırdı. Beləcə yenə yolumuza davam etdik. Qarşıda bizi hələ yürüşə başlamazdan öncə marşrutun ən çətin yeri hesab edilən yeri olan ‘Nənəmvay’a gəlib çatdıq. Düşündüyüm qədər də çətin deyildi. Sadəcə iri daşlardan ibarət nahamar bir hissəni ehtiyyatla keçib yolumuza davam etdik.  

Arxada nənəmvay adlanan ərazi

Günün istisi xeyli artmışdı və bu hissədə günəş kremlərindən istifadə etməyə başladıq. Parlaqlıq həddindən artıq idi və günəş eynəyi olmadan hərəkət etmək hardasa mümkünsüz idi.

İstirahət fasiləsi zamanı

Zirvəyə xeyli yaxınlaşmışdıq. Bu hissədə günəşin təsirinin azaldığı və az hiss olunduğu hissələrdə avqust ayı olmasına baxmayaraq əriməyə imkan tapmamış qar yığınlarını gördük. Yayın ortasında qara toxunmaq da fərqli bir hissdir. 

Qar yığınlarının üzərindən keçərkən

Bu hissəni də keçib zirvəyə doğru yorğun və aram addımlarla irəliləməyə başladıq. Bir müddət keçdikdən sonra irəlidən səslər gəlməyə başladı. Hiss elədim ki, bu bizdən önvə hərəkətə başlayan qrupun zirvəyə çatma sevinci və səsləridir. Yetərincə yorulmuşdum və zirvəyə doğru son addımlarımı zəif bir sürətlə atmağa başladım. Dəqiqələr sonra artıq mən zirvə hesab olunan, vulkanik Savalan dağının kraterində yəni gölün yanında idim. Hələ də yürüşün verdiyi yorğunluq içimdə olmasına baxmayaraq sevincimin həddi-hüdudu yox idi. Mən fərqli bir ölkə ərazisində, 4000 metrdən yüksək olan ikinci zirvəmə uğurla gəlib çatmışdım. Bu həm də o dağ idi ki, haqqında hələ uşaq vaxtlarından tarix kitablarında oxumuşdum. Bura yüz illər öncə bütöv Azərbaycanın tərkib hissəsi idi və mən tarixi Azərbaycan torpaqlarının, vahid Azərbaycanın ən yüksək zirvəsinə çatmışdım. Bu qürur mənimlə hələ illər boyu davam edəcək.

Zirvədəki krater (4811m)

Soldan sağa Emin, Eynulla, İqen, Əkbər və mən

Zirvədə bol-bol şəkil çəkdirdik. Almaniyalı dostumuz İqen təəccüblü baxışlarımız arasında soyunub gölə girdi və soyuq suda bir neçə dəqiqə çimdi. Heyrətli baxışlarla ona tamaşa elədik. İndi düşünürəm ki, bəlkə nə vaxtsa mən də belə edərəm. Çünki bu tarixi bir andır. Bir dağın zirvəsində, kraterin içərisində çimmək. Bu hər deyən ələ düşən fürsət deyil.

Almaniyalı dağçı İqen kraterdəki göldə çimir

Artıq yetərincə zirvədə vaxt keçirmişdik və geri qayıtmaq zamanı gəlib çatmışdı. Beləcə hazırlaşıb geriyə, kampa doğru yürüşə keçdik. Zirvəyə qalxmağın yaratdığı yorğunluqla aşağı enmək çətin idi. Çünki əgər zirvəyə qalxan zaman əsas tələb olunan nəfəsdirsə aşağı enən zaman ayaqlar əsas tormozlayıcı qüvvə kimi çıxış edir. Yorğun ayaqlarla daşların üzərinə basmaq və aşağı meylli yolda bir növ tormozlamaq çətindir. Ona görə zirvədən enərkən xüsusilə diqqətli olmaq və tələsməmək lazımdır. Çünki adətən qəzaların bir çoxu zirvədən enərkən baş verir.

Eniş zamanı. Bəzi qruplar qalxmağa davam edirdi.

Bir neçə saat davam edən yorucu enişdən sonra baza kampa gəlib çatdıq. Çox yorğun idim və özümü dağ evindəki yatağa atdım və hərəkətsiz vəziyyətdə uzandım. Amma çox vaxt da itirmək istəmirdik. Çünki tezliklə hazırlaşıb dağ maşınları ilə aşağı düşməli idik. Aşağıda isə bizi sürpriz gözləyirdi. Əslində bu planlaşdırdığımız bir sürpriz idi. Belə ki, zirvənin yorğunluğunu Şabildə tikilən və qaynama su ilə isidilən hovuzda atacaqdıq. Tozlu yollarla sürətlə hərəkət edən maşın bizi nəhayət ki, aşağıya gətirib çatdırdı. Yorğun addımlarla özümüzü hamama yetirdik. Çimmək üçün bəzi əşyaları alıb hamama keçdik.

Bu hamam ancaq kişilərdən və balaca uşaqlardan ibarət bir hamam idi. Divarda əks olunan, xanımın kişini masaj etdiyi şəkil isə həqiqi bir paradoks idi.

Suya daxil oldum və bədənimin bütün yorğunluğunu bir andaca sanki suya atmış oldum. İsti suda xeyli çimdikdən sonra kənara çıxıb oturdum. Bu həqiqətən bir lüks idi. Bəzi adamlar isti sudan çıxıb digər bölməyə, soyuq suyun olduğu kiçik hovuzlara tullanırdılar. Bunun bədəni möhkəmləndirməyə kömək etdiyi deyilir. Mən cəhd elədim, amma suyun soyuqluğu mənə geri addım atdırdı. Yenidən hovuza qayıtdım və doyunca çimdim.  Hovuzdan çıxdıqda elə bir hiss yaşayırdım ki, sanki heç zirvəyə getməmişəm və saatlar öncə 4811 metrlik zirvədə olan mən deyildim. Artıq Savalan dağına olan səyahətimizin sonuna gəlirdik. Getmək zamanı gəlib çatmışdı. İkinci vətənə gəlmişkən heç olmasa ən yaxında olan tarixi şəhərlərimizdən olan Ərdəbilə getməyə və oranı gəzməyə qərar verdik.

Ərdəbilə getməzdən öncə dağçı dostlarımızla sağollaşmaq üçün birlikdə onların yaşadığı Parsabad şəhərinə qayıtdıq. Burada şam yeməyi yedik və müxtəlif qarışımlardan ibarət kokteylin dadına baxdıq. Dadını o qədər bəyəndiyimi deyə bilmərəm. Amma çox şikayət də etmirəm. Ən azından yeni şeylərin dadına baxmış oluram. Tezliklə hazırlaşdıq və Ərdəbilə getmək üçün taksilərdən biri ilə danışdıq. Yola düşmək vaxtı idi. İri çantalarımızı dostlarımıza həvalə edib onlarla sağollaşdıq və Ərdəbilə yola düşdük. Hava isə artıq qaralmışdı. Maşın bizi getdikcə uzanan magistral yolla tarixi Azərbaycan şəhəri Ərdəbilə aparırdı.

Ərdəbilə gedərkən taksidə

Bir neçə saatlıq yoldan sonra Ərdəbilə gəlib çatdıq. İlk işimiz hostel axtarmaq oldu. Çünki həm gecə olmamış qalacağımız yeri dəqiqləşdirməli idik həm də özümüzlə götürdüyümüz əşyaları qoyub şəhəri gəzmək istəyirdik. Bir neçə hostel gəzdik. Qərar verməyimiz çətin oldu amma axırda birində qərar qıldıq. Əşyaları yerləşdirib çölə çıxdıq və küçələrlə şəhəri gəzməyə başladıq. Ərdəbil bura gəldiyimizdən bəri gördüyümüz ilk böyük şəhər idi. Axşamın qaranlığında şəhər həyatı yetərincə canlı idi. Küçələrdə gəzən insanlar, piştaxtalar, açıq mağazalar, səkilərdə sayrışan işıq panoları və s. yetərincə maraqlı idi. Həqiqətən çox qəribə idi. Mən ilk dəfə idi ki, tarixi Ərdəbil şəhərinin küçələrində gəzirdim. Hələ axşam olması və qaranlıqda hər şeyin yetərincə aydın olmamasına baxmayaraq Ərdəbil maraql bir şəhər idi. Burada həyat daha gur idi amma ən maraqlısı o idi ki, biz özümüzü yad hesab etmirdik. Yaxınlaşdığımız mağazalar və oralarda işləyən insanlarla öz dilimizdə danışmağımız və bizim şimali Azərbaycandan gəldiyimizi eşidənlərin sevinci yetərincə qəribə və maraqlı idi. Biz öz evimizdəki kimi hiss edirdik. Burada gəzərkən hətta bizim kimi bura gəzməyə gələn digər Azərbaycanlıların da olduğunu gördük və onlarla söhbət etdik. Bir neçə saatlıq şəhər gəzintisindən sonra hostelimizə qayıtdıq. Artıq günün yorğunluğunu atmaq lazım idi. Zarafat deyil, səhər biz Savalan dağı zirvəsində idik, indi isə kilometrlərlə uzaqda olan Ərdəbil şəhərini gəzirik. Qısa zaman kəsimində bu qədər aksiyon yetərincə idi və bədənimizi fiziki cəhətdən dinləndirməyin vaxtı yetişmişdi. Otağımızın açıq pəncərəsindən gələn arabir şütüyən maşınların səsi ilə tezliklə yuxuya getdik.

Səhəri ilk dəfə olaraq Ərdəbildə açdım. Bu yetərincə xoş bir hiss idi. Səyahət etmənin və fərqli bir ölkədə, fərqli bir şəhərdə oyanmanın verdiyi zövqdən başqa, daha gözəl bir hiss idi. Hazılaşıb hosteldən çıxdıq və səs-küylü Ərdəbilin küçələrini indi daha aydın və gün işığında gəzməyə başladıq. Daha öncə da maraqlandığımız üzrə burada getmək istədiyimiz yerləri dəqiqləşdirmişdik. Bu yerlərin başında isə Şeyx Səfi məqbərəsi gəlirdi. Bu məqbərə barəsində tarix kitablarında çox oxumuşdum. Ən əsası da Səfəvilər dövlətinin ilk və tarixi hökmdarı Şah İsmayıl Səfəvinin qəbri məhz burada idi. Küçələrlə irəlilədik və məqbərənin olduğu yerə gəlib çatdıq. Məqbərənin girişinə yaxınlaşdıq. Burada qapıda bir əsgər dayanmışdı və nəzarət edirdi. İçəri girmək üçün bileti aldıq və daxil olduq.

Uzun yaşıllıq və güllərlə dolu bir yolla irəlilədik  və məqbərənin içərisinə addımlarımızı atdıq. Məqbərənin içərisi bəylər, buraya xas tərzdə yarı şal örtmüş qadınlarla dolu idi. Təbii ki, bir xeyli də uşaq var idi. Otaqları gəzdikcə içəridəki memarlıq üslubu, divarlardakı işləmələr və s. məni heyran edirdi. Həqiqətən çox zəngin bir memarlığa, zəngin mədəniyyətə sahib olmuşuq. Eyni zamanda bu memarlıq incisinin qorunub saxlanması mənim diqqətimi çəkdi. Hətta çöl tərəfdən bəzi restavrasiya işləri belə gedirdi. Bir ara çöldən işığın süzülərək içəriyə daxil olduğu işləməli pəncərənin yanına gedib yerdə bardaş qurub oturdum.

Məqbərədə oturub fasilə verərkən.

Bu hiss mənə məscidin içərisində oturmağı xatırlatdı. Əgər içəridə insanlar olmasaydı hətta burada insan daxili ruh dünyasına səyahət də edə bilər və mənəvi cəhətdən başqa bir aləmə keçid də edər. Amma bu qədər insanın olduğu səs-küylü məkanda bu demək olar ki, mümkünsüzdür. Digər otaqlara üz tutdum və budur deyəsən həmin yerə gəlib çatmışam. Balaca bir pəncərədən içəridə bir tabut və yanında qoyulan şəkil. Şah İsmayıl Xətai. Bir zamanların görkəmli sərkərdəsi. 1501-ci ildə imperiyanın əsasını qoyan adam. Tarixi bir şəxsiyyət. Nə qədər xoş xatirələrlə yad etməsək də Osmanlı ilə aramızda olan Maku şəhəri yaxınlığında baş vermiş Çaldıran döyüşündə Azərbaycan tərəfinin başında olan hökmdar. Bəli, bu tarixi şəxsiyyət artıq kiçik bir otaqda bu məqbərənin içərisində yatır.

Şah İsmayıl Xətainin qəbri

Ölkəmizdə ona olan münasibət bir mənalı deyil. Onu tarixi şəxsiyyət kimi etdiklərinə görə sevənlər də var, sevməyənlər də. Etdiklərini dəstəkləyənlər də var, dəstəkləməyənlər də. Şah İsmayıldan söz düşmüşkən önun yazdığı şeirlərdən olan Aşiq odur kim, sözü canü dililə yar bir-dən bəzi misraları xatırlamaq istəyirəm. Şeirin adında dediyi kimi, aşiqin gərək dillə söylədikləri əməldə etdikləri ilə eyni olsun.

Aşiq oldur kim, sözü canü dililǝ yar bir,
Bir durur aşiq ǝzǝldǝn sevgili dildar bir.

Əhli-eşqin mǝniyi-zatü süfati bir durur,
Adǝmǝ qıl sǝcdǝ zahid, qılmagil inkar bir.

Cümlǝnin halın bilǝn sǝnsǝn niyǝ bildirmǝyǝn,
Demǝ hǝr namǝhrǝmǝ gǝr qılmasa iqrar bir.

Olmadı bu sirrǝ mǝhrǝm hǝr xǝsisi-kǝcsüxǝn,
Dǝrdimin dǝrmanı doğru, yar bir, ǝttar bir.

Pir birdir, sirr bir, iqrar bir, köftar bir,
İkilik sığmaz bu yolda, sirr ilǝ sirdar bir.

Sǝn bilirsǝn bǝndǝnin halın, nǝ bilsin bilmǝyǝn,
Birmidir, ya yüzmidir, ya minmidir, bazar bir.

Qarışıq hisslərlə hökmdarı ziyarətimi başa çatdırıb geriyə döndüm və bağçaya çıxdım.

Şeyx Səfi məqbərəsi həyətdən.

Dostlar da gəldikdən sonra məqbərəni tərk etdik. Burada Amerikanın İrana etdiyi sanksiya səbəbli inflyasiya və pulun dəyərsizləşməsi baş vermişdi. Ona görə əslində səyahətimiz xeyli ucuz başa gəlirdi. Fürsət var imişkən burada olduğunu bildiyimiz bir dağ ləvazimatları mağazasına gedib alış-veriş etməyə qərar verdik. Bir az soraqlaşdıqdan sonra məkanı tapdıq və bir neçə saatımız bu mağazada axtarış və alış-verişlə keçdi. Səyahət üçün özümüzə bu dəfə sadəcə 3 gün ayırmışdıq. Ancaq bu 3 gün tam dolu dolu keçdi deyə bilərəm. Qısa zaman kəsimində çox şey yaşadıq, çox şey gördük. Bu səyahətim mənim üçün ilklərin olduğu bir gəzinti, bir macəra oldu. Bura bir daha gəlmək istəyirəm. Bir az daha uzağa Təbrizə getmək istəyirəm. Tarixi Azərbaycan torpalarını daha dərindən görmək, burada qalan mədəniyyətimizlə daha yaxından tanış olmaq istəyirəm. Bu dəfə qısa müddətli qonaq olduq burada, amma yenə də geri qayıtmaq şərtilə geriyə dönmək vaxtı çatıb.

Şam yeməyini yeyib hostelə qayıtdıq. Əşyalarımızı götürüb sağollaşdıq və Parsabad şəhərinə getmək üçün bir taksi sürücüsü ilə anlaşdıq. Dağçı dostlarımızla orada getməzdən öncə görüşüb sağollaşacağıq və çanatalarımızı da oradan götürüb geriyə, evimizə qayıdacağıq. Beləcə yola düşdük. Artıq yollar bizi Ərdəbildən uzaqlaşdırır. Bir neçə saat sonra Parsabada gəlib çatırıq. Burada dostlarla birgə nahar edirik və Eynulla anama zəfəran alacağımı bilib mağazadan mənə onu alıb hədiyyə edir. Ona təşəkkürümü bildirir və artıq sayca artmış çantalarımızı götürür və başqa bir taksi ilə sərhədə doğru yola düşürük. Təxminən 1 saat yarım sonra sərhədə çatırıq. Əşyalarımızla birgə qeydiyyatımızı bitirdikdən sonra vətənin müstəqil hissəsinə daxil oluruq.

Bir cənub səyahəti beləcə arxada qalır. Qısa zaman ərzində isə yaşanmış bir çox xatirə. Hələ illər boyu unutmayacağım hisslər, duyğular. Hələlik Savalan, hələlik Cənubi Azərbaycan. Bir daha görüşənədək.

LEAVE A COMMENT